Akkreditasiya Şurasının növbəti iclasında 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə 3 il müddətinə institusional akkreditasiya olunub.
Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi isə "uyğun deyil" hesab edilib və qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Proqram akkreditasiyası çərçivəsində "İbtidai sinif müəllimliyi" ixtisası üzrə 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə 2 ildən sonra təkrar akkreditasiya aparılacaq. Bakı Qızlar Universitetinin bu proqramı akkreditasiyadan keçməyib.
"Məktəbəqədər təhsil" ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar qiymətləndirmə aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da "uyğun deyil" nəticəsi alıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, akkreditasiya olunan ali təhsil müəssisələri və proqramlar üzrə tövsiyələrin icrası üçün fəaliyyət planları hazırlanaraq Agentliklə razılaşdırılacaq












































