Tanınmış şair, tərcüməçi və ssenarist Alla Axundova 86 yaşında dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, 1939-cu il oktyabrın 27-də Moskvada anadan olan Alla Axundova Azərbaycan ədəbiyyatı və kinosunda özünəməxsus yaradıcılıq yolu keçib. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. İlk şeirləri 1957-ci ildən mətbuatda dərc olunmağa başlayıb. Alla xanım Azərbaycan Dövlət Mükafatı laureatı və Əməkdar incəsənət xadimi olub.
Alla Axundovanın adı Azərbaycan kinosunun yaddaşda qalan filmləri ilə bağlıdır. Eldar Quliyevin "Şərikli çörək” və Yalçın Əfəndiyevin "Alma almaya bənzər” filmlərinin ssenarilərini o yazıb. "Şərikli çörək” filminə görə Dövlət Mükafatına layiq görülüb. Onun ssenariləri əsasında "Yaşayın, qızlar!”, "Avtomobil, skripka və it”, "Unudulmuş əşyalar”, "Orada, naməlum cığırlarla…” və başqa ekran əsərləri yaradılıb.
Ədəbiyyatla yanaşı, tərcümə sahəsində də böyük işlər görən Alla Axundova Azərbaycan poeziyasının bir çox dəyərli nümunələrini rus dilinə çevirib. Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə və başqa sənətkarların əsərlərini rusdilli oxucuya çatdırıb. "Kitabi-Dədə Qorqud”u da rus dilinə tərcümə edib.











































