Avtosığortada yeni dövr: Qəza törədən sürücülər daha çox ödəyəcək

Avtosığortada yeni dövr: Qəza törədən sürücülər daha çox ödəyəcək
SOSİAL
12:58 17.06.2026
201
Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni hesablama qaydaları tətbiq edilib.

Dəyişikliklərə əsasən, əvvəlki bonus-malus sistemi sığorta tarixçəsi əmsalı ilə əvəz olunub. Artıq sığorta haqqı hesablanarkən sürücünün və ya nəqliyyat vasitəsi sahibinin sığorta tarixçəsi əsas götürüləcək.

Sığorta eksperti Vüsal Bədəlov AZXEBER.COM-a açıqlamasında bildirib ki, yeni sistemdə bonus-malus əmsalı ləğv olunur:

"İndiyədək sığorta haqqı hesablanarkən bonus-malus əmsalı nəzərə alınırdı. Bu, sığorta müqaviləsinin kimin adına rəsmiləşdirilməsindən asılı idi. Yəni avtomobili idarə edən şəxs qəza törətsə belə, bu, müqavilə sahibinin sığorta tarixçəsinə təsir göstərirdi. Yeni sistemdə isə bonus-malus əmsalı ləğv olunur. Artıq sığorta tarixçəsi sistemi qüvvəyə minir. Hadisəsiz il keçirən sürücülərə müəyyən endirim tətbiq ediləcək. Qəza törədən sürücünün isə sığorta əmsalı artırılacaq və bu, onun gələcək sığorta haqqına təsir göstərəcək.

 


Dəyişiklik daha ədalətli hesablama prinsipinin tətbiqinə imkan verəcək. Beləliklə, avtomobilini satan və ya idarə etmək üçün başqa şəxsə verən şəxslərin sığorta tarixçəsinə artıq həmin hadisələr təsir etməyəcək. Qəzanı törədən sürücü məsuliyyət daşıyacaq”.

O qeyd edib ki, hüquqi şəxslər üçün ayrıca qaydalar tətbiq olunacaq:

"Hüquqi şəxslər üçün ayrıca qaydalar tətbiq olunacaq. Taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nəqliyyat vasitələri üzrə baş verən hadisələr bonus-malus sistemində nəzərə alınacaq.

Bundan əlavə, bir nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı çox olduqda əlavə əmsal tətbiq ediləcək ki, bu da sığorta haqqının artmasına səbəb ola bilər.

Yeni qaydaların əsas məqsədi sürücülərin məsuliyyətini artırmaq və sığorta sistemində yaranan narazılıqları azaltmaqdır”.

Sığorta eksperti bildirib ki, yeni dəyişikliklər sui-istifadə hallarının qarşısını alacaq:

"İndiyədək avtomobili idarə edən bir neçə şəxsdən sığorta tarixçəsi daha yaxşı olan şəxsin adına sığorta rəsmiləşdirilirdi və bu, sığorta haqqının daha aşağı hesablanmasına səbəb olurdu. Yeni sistemdə isə bu imkan aradan qaldırılır. Artıq sığortanın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, sığorta tarixçəsi yüksək olan şəxs əsas götürüləcək və onun əmsalına 30 faiz yüklənmə tətbiq ediləcək.

Dəyişiklik sui-istifadə hallarının qarşısını almaq və daha ədalətli hesablama aparmaq məqsədi daşıyır. Sığorta haqlarının artması isə gələcəkdə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yarada bilər”.
OXŞAR XƏBƏRLƏR