Azərbaycan mediası yaya necə hazırlaşır: məzuniyyət, yoxsa iş?

Azərbaycan mediası yaya necə hazırlaşır: məzuniyyət, yoxsa iş?
MEDIA
14:27 29.05.2014
1880

Yayda bir sıra müəssisələr öz işlərinə müvəqqəti “stop” verməklə gündəmə gəlir. Məktəblər bağlanır, zavodlarda xüsusi iş rejiminə keçirilir... Pəncərələr açılır, hər kəs qışdan bəri görmədiyi dünyaya nəzər salır. Hərə yayda nə edəcəyi haqda bir cür fikirləşir...

Böyük şəhərlər yükünü ucqarlarda yerləşən kəndlərə, rayonlara ötürür – Azərbaycan gerçəkliyində də bu belədir. Hətta tamaşaçının səbirsizliklə gözlədiyi, XX əsrdən keçən “virus” – seriallar da sezon bağlanışı edir. Bəs, görəsən yerli media orqanları necə, yayın dadını və ya qışdan qalan yorğunluğunu harada çıxaracaqlar? Ümumiyyətlə, onların fəaliyyətində qış-yay xətti varmı? Hansı dəyişiklər gözlənilir?

Bu kimi suallarla AZADİNFORM redaksiyalarla əlaqə saxlayaraq redaktor və müxbirlərin planlarını öyrənib:

Natiq Məmmədli, “Kaspi” qəzeti, Baş redaktor:“Ötən il prezident seçkiləri ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçmişdik. Bu il isə avqust ayında həftəlik iş rejiminə keçəcəyik, əməkdaşlarımıza məzuniyyət veriləcək. Qəzet həftədə bir dəfə 24 səhifə çıxacaq. İyun-iyul aylarında isə redaksiya həmişəki iş rejimində olacaq”.

Sənan Nəcəfov “qhtxəbər.az”, Baş redaktor:“Bizim sayt üçün stabil rejim var. dəyişməz olaraq qalır. Səhər saat 9-dan axşam saat 18:00-a kimi iş vaxtıdır. ondan sonra redaktor olaraq mən və növbətçi redaktor qalır. Yay rejiminə gəldikdə isə bizdə sayt üçün yalnız 1 dəfə tam tərkibdə fasilə elan etmişik, o da 2010-cu ildə. O vaxtdan yay tətilinə görə saytın iş rejimində fasilə yaradılmayıb. Bu il də eyni olacağını düşünürəm”.

Azər Niftiyev, “Editor.az”, Baş direktor:“Bizim fəaliyyətimizdə elə də ciddi fasilələr yaranmır. Demək olar ki, il boyu eyni qaydada çalışırıq. Yalnız avqust ayının son həftəsində istirahətə çıxırıq ki, bu zaman da növbəli iş prinsipi gözlənilir və sayt qismən zəif də olsa fəaliyyətini davam etdirir.

Hacıbəy Heydərli, “azxeber.com”, Baş redaktor:“İyun-iyul aylarında ənənəvi fəaliyyətimizi davam etdirəcəyik, avqust ayında isə müəyyən istisnalar olsa da, ümumilikdə saytın fəaliyyətində ciddi axsama müşahidə olunmayacaq. Ümid edirəm ki, kollektivimiz məzuniyyətdə olan həmkarlarının yoxluğunu hiss etdirməyəcək. Məzuniyyət isə 10 gün nəzərdə tutulur. İstənilən halda çalışacağıq ki, boşluğu saytımızın oxucuları hiss etməsin”.

Əfqan Qafarlı, “Modern.az”, Redaktor:“Yayda bizdə iş rejimi adi qaydada olur. Amma əməkdaşlarımız növbəli şəkildə məzuniyyət hüququndan istifadə edir”.

Elməddin Muradlı, “Üç nöqtə” qəzeti, Redaktor:“Üç nöqtə” qəzeti elə həmişəki rejimdə işləyir. Əməkdaşlarımız növbəli şəkildə məzuniyyətə çıxır. Amma qəzetin formatı dəyişmir, dövriyyədə də fərq olmur”.

Günel Cəlilova, “Bakı-xəbər” qəzeti, müxbir:“Bakı-xəbər” gündəlik qəzet olduğu üçün biz hər gün işə gəlirik. Yay fəslində “Bakı-xəbər” 1 həftə istirahət edir. Qəzetin nəşri bir həftə ərzində dayanır və işçilər istirahət edir. Yayda işləmək digər fəsillərlə müqayisədə daha çətindir. Çünki havalar həm isti olur və müsahiblər istirahətə getdiyi üçün yazı ilə bağlı müsahib danışdırmağa bəzən ekspert tapa bilmirik. Yaxşı olar ki, yay fəslində növbəlilik prinsipi əsasında işçilər üçün məzuniyyət verilsin”.

Sübhan Mahmudov, “Ədalət” qəzeti, müxbir:“Yayda səhifələrimizin sayı qismən azalacaq, amma iş rejimi olduğu kimi qalacaq. Əməkdaşlarımız növbəli məzuniyyətə çıxacaq”.

Nigar Abdullayeva, “Palitra” qəzeti, müxbir:“Bizim qəzet yayda da eyni rejimlə işləyir. Yəni əməkdaşlara məzuniyyət verilmir, səhifələrin sayında da dəyişiklik olmur”.Leyla Məhərrəmova,Azadinform.az

OXŞAR XƏBƏRLƏR