Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib.
O qeyd edib ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi" (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə", "Miqrasiya haqqında Bəyanata" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına" bir sıra ölkələr qoşulub:
"Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb".
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Avropa Siyasi Birliyinin Dublin Zirvə toplantısında irəli sürülən üç sənəd mahiyyət etibarilə Avropa məkanında təhlükəsizlik, miqrasiya və transsərhəd cinayətkarlıqla mübarizə istiqamətində ortaq siyasi yanaşmaların formalaşdırılmasına xidmət edir:
"Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə regional təhlükəsizlik arxitekturası və dövlətlərarası münasibətlərə dair ümumi prinsiplərlə, Miqrasiya haqqında Bəyanat miqrasiya axınlarının idarə olunması və bu sahədə əməkdaşlıqla, Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə fəaliyyətin gücləndirilməsi ilə bağlıdır. Lakin burada əsas məsələ sənədlərin zahirən müsbət məqsədlər daşıması deyil, onların iştirakçı dövlətlər üçün hansı siyasi və hüquqi öhdəliklər yaratmasıdır. Azərbaycan Avropa ilə təhlükəsizlik, miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlığa qarşı deyil. Əksinə, ölkəmiz bu istiqamətlərdə beynəlxalq tərəfdaşlığın fəal iştirakçısıdır. Bununla belə, konkret sənədlərin müddəaları, onların tətbiq mexanizmləri və gələcəkdə yarada biləcəyi öhdəliklər dövlətlərin milli maraqları baxımından ayrıca qiymətləndirilməlidir.
Azərbaycanın sözügedən sənədlərə qoşulmaması ilk növbədə müstəqil xarici siyasət kursunun və suveren qərarvermə hüququnun qorunması kontekstində qiymətləndirilməlidir. Xarici İşlər Nazirliyinin açıqlamasında da vurğulandığı kimi, Avropa Siyasi Birliyi məcburi siyasi öhdəliklərin qəbul edilməsi üçün deyil, dialoq və əməkdaşlığın təşviqi məqsədilə yaradılmış qeyri-rəsmi platformadır”.
Politoloq vurğulayıb ki, belə bir platformada iştirak Azərbaycanın irəli sürülən bütün təşəbbüslərə avtomatik qoşulmasını tələb etmir:
"Xüsusilə təhlükəsizlik kimi həssas sahədə qəbul edilən siyasi sənədlər gələcəkdə müəyyən geosiyasi mövqelərin dəstəklənməsi və əlavə öhdəliklərin götürülməsi ilə bağlı gözləntilər yarada bilər. Bakı isə öz xarici siyasətini ayrı-ayrı siyasi blokların maraqları əsasında deyil, milli təhlükəsizlik prioritetləri və strateji tərəfdaşlıq prinsipləri üzərində qurur. Bu qərarı Azərbaycanla Avropa arasında münasibətlərdə soyuqlaşma kimi təqdim etmək doğru olmaz. Əksinə, Azərbaycan əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu, lakin bunun suveren bərabərlik, qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında həyata keçirilməsinin vacibliyini nümayiş etdirir”.
Aynur Babazadə











































