“Azərbaycan Ordusu son 81 ilin tək qalib ordusuna çevrildi” - Hərbi ekspert

“Azərbaycan Ordusu son 81 ilin tək qalib ordusuna çevrildi” - Hərbi ekspert
SOSİAL
12:20 28.09.2026
127
"Vətən müharibəsində Silahlı Qüvvələrimizin əldə etdiyi qələbə müasir Azərbaycan tarixinin ən şərəfli hadisəsidir. Bu zəfər dövlətimiz və xalqımız üçün hərbi, siyasi və mənəvi əhəmiyyət kəsb edir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev AZXEBER.COM-a açıqlamasında deyib. 

O qeyd edib ki, qələbəmiz nəticəsində 30 il düşmən işğalında olan doğma torpaqlarımız erməni işğalından azad edildi:

"Vətən müharibəsindəki qələbəmizin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, 30 il düşmən işğalında olan doğma torpaqlarımız erməni işğalından azad edildi. Azərbaycan öz imkanları hesabına BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini yerinə yetirdi.
Vətən müharibəsindəki qələbə nəticəsində Ermənistanın imzaladığı birgə bəyanat var idi. Ermənistan bu birgə bəyanatı da yerinə yetirmirdi. Cəmi 3 il sonra Azərbaycan bu birgə bəyanatın bəndlərini təkbaşına icra edərək erməni tərəfini növbəti kapitulyasiya aktını imzalamağa məcbur etdi. Beynəlxalq səviyyədə tanınan Azərbaycanın dövlət sərhədləri tamamilə bərpa olundu. Qısa müddət sonra antiterror əməliyyatları ilə Azərbaycanın dövlət suverenliyi bərpa edildi. Separatçı rejim tərksilah edilərək Azərbaycanın ərazilərindən tamamilə təmizləndi. Şuşa əməliyyatı isə unikal əməliyyat idi. Bir çox ölkələr buna bənzər əməliyyatları təlimlərdə belə həyata keçirə bilmirlər”.
 
 

Ə.Verdiyev bildirib ki, qələbəmiz hesabına Azərbaycan Ordusu son 81 ilin tək qalib ordusuna çevrildi:

"Qələbəmiz sayəsində regionun geosiyasi xəritəsi dəyişdi. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına bağlı hazırda dünyanın bir çox ölkəsi maraq göstərir. Bu proseslərdə aparıcı rol Azərbaycana məxsusdur.
Bütün bu nailiyyətlərə görə biz Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında son damla qanına qədər savaşan şəhidlərimizə, döyüşçülərimizə və veteranlarımıza borcluyuq.
Qələbə sayəsində Ermənistan ordusunu darmadağın edərək onların ordusunu fərariyə çevirdik. Bu gün Ermənistan məğlubiyyət sindromunu daşımaqda çətinlik çəkir. Azərbaycan Ordusu son 81 ilin tək qalib ordusuna çevrildi. Xalqımız qalib xalq statusunu daşıyan tək xalqdır”.

"Dünyaya nümayiş etdirdik ki, Azərbaycan Ordusu müasir texnologiyalara əsaslanan yeni nəsil müharibəni aparan nadir ordulardan biridir. Yeni silahlı mübarizə metodlarını beynəlxalq ictimaiyyətə təqdim etdik. Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi əməliyyatlar, tətbiq etdiyi yeni nəsil silahlı mübarizə metodları bir çox ölkələrin hərbi araşdırma mərkəzləri tərəfindən öyrənilir. Hərbi təhsil müəssisələrinin dərsliklərində Azərbaycan Ordusunun təcrübəsinə istinad edilir. Bir çox xarici ölkə orduları, onların arasında NATO ölkələri də var, Azərbaycan Ordusunun Vətən müharibəsindəki əməliyyatlarını dərsliklərdə tədris edirlər”,-deyə ekspert vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR