Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası

Azərbaycan-Rusiya münasibətləri hədəfdə? – Moskvadakı təxribatın pərdəarxası
SİYASƏT
14:09 28.08.2026
206
Xəbər verdiyimiz kimi, 27 avqust tarixində günorta saatlarında Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.

Hadisə qısa müddətdə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Xüsusilə təxribat xarakterli materialların Azərbaycanın diplomatik nümayəndəliyinə bağlı obyektin qarşısında yerləşdirilməsi insidentin siyasi mahiyyəti ilə bağlı müxtəlif suallar yaradıb.

Maraqlıdır, sözügedən təxribatın arxasında hansı məqsədlər dayana bilər? Bu cür addımlar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, hadisəni adi insident kimi qiymətləndirmək düzgün deyil:

"27 avqustda Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli materialların yerləşdirilməsi sadəcə xırda bir insident kimi qiymətləndirilməməlidir. Çünki söhbət adi ictimai məkandan deyil, Azərbaycanın diplomatik nümayəndəliyinə bağlı obyektdən gedir. Azərbaycan Xarici İşlər Nazirliyi də hadisəni qətiyyətlə pisləyərək onun Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə biləcəyini və Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olmasının istisna edilmədiyini bildirib”.


Politoloqun sözlərinə görə, hazırda əsas məsələ təxribatın konkret təşkilatçılarının kimliyindən daha çox, hadisənin yarada biləcəyi siyasi nəticələrə diqqət yetirməkdir:

"Belə aksiyalar adətən iki istiqamətdə nəticə yaratmağa hesablanır. Birincisi, cəmiyyətlər arasında qarşılıqlı neqativ emosiyanı artırmaq, ikincisi isə iki dövlət arasındakı siyasi dialoqa əlavə gərginlik elementləri daxil etmək. Xüsusilə Azərbaycan-Rusiya münasibətlərinin həssas mərhələdən keçdiyi bir vaxtda belə addımların münasibətləri zədələməyə hesablanmış təxribat xarakteri daşıması ehtimalı nəzərə alınmalıdır".

T.İsmayılov qeyd edib ki, hadisənin məhz diplomatik obyektin qarşısında baş verməsi də xüsusi əhəmiyyət daşıyır:

"Diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin olunması qəbul edən dövlətin məsuliyyət dairəsinə daxildir. Azərbaycan XİN də Rusiyanın 1961-ci il Vyana Konvensiyası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsinin vacibliyini vurğulayıb. Bu baxımdan Moskvanın hüquq-mühafizə orqanlarının hadisəni necə araşdıracağı və təxribatı törədən şəxslərin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi insidentin siyasi çəkisini müəyyən edən əsas amillərdən biri olacaq".

Politoloq hesab edir ki, hadisənin Azərbaycan-Rusiya münasibətlərinə avtomatik olaraq uzunmüddətli zərbə vuracağını söyləmək hələ tezdir:

"Dövlətlərarası münasibətlər ayrı-ayrı şəxslərin və ya qrupların küçə aksiyaları ilə deyil, siyasi iradə, qarşılıqlı maraqlar və institusional dialoqla müəyyən olunur. Azərbaycan-Rusiya münasibətlərində enerji, nəqliyyat, ticarət, regional təhlükəsizlik və humanitar əlaqələr kimi kifayət qədər ciddi qarşılıqlı maraqlar mövcuddur. Ona görə də təxribatın əsas hədəfi məhz bu rasional gündəliyin üzərinə emosional və informasiya yükü gətirmək ola bilər".

Tural İsmayılovun fikrincə, hadisəni yalnız küçə təxribatı kimi qiymətləndirmək də doğru yanaşma deyil:

"Son dövrdə informasiya məkanında Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərə biləcək ritorikanın artması fonunda belə aksiyalar daha geniş informasiya-siyasi prosesin elementinə çevrilə bilər. Təxribatın görüntülərinin yayılması, sosial şəbəkələrdə emosional reaksiyaların formalaşdırılması və qarşı tərəfə münasibətdə stereotiplərin gücləndirilməsi bu tip aksiyaların əsas siyasi nəticələrindən biridir".

Politoloq hesab edir ki, hazırkı mərhələdə ən doğru addım emosional eskalasiyadan çəkinərək hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb etməkdir:

"Məsələ yalnız təxribat xarakterli şəkillərin yerləşdirilməsi deyil, xarici ölkədə Azərbaycan diplomatik nümayəndəliyinin normal fəaliyyətinə mane ola biləcək hərəkətlərin qarşısının alınmasıdır. Rusiya tərəfinin hadisəyə münasibəti və araşdırmanın nəticələri isə Moskvanın bu cür təxribatların qarşısını almaqda nə qədər maraqlı olduğunu göstərəcək".

T.İsmayılov sonda bildirib ki, hadisə Azərbaycan-Rusiya münasibətlərinin mahiyyətini dəyişəcək gücdə olmasa da, münasibətlərin həssaslığını göstərən ciddi siqnaldır:

"Əgər belə aksiyalar davamlı xarakter alarsa və onlara informasiya məkanındakı kampaniyalar da əlavə olunarsa, artıq ayrı-ayrı insidentlərdən deyil, münasibətlərə sistemli təzyiq cəhdindən danışmaq mümkün olacaq. Hazırkı mərhələdə isə əsas məsələ təxribatın təşkilatçı və icraçılarının müəyyənləşdirilməsi, hüquqi qiymətin verilməsi və bu hadisənin iki ölkə arasındakı siyasi dialoqun məntiqinə daşınmasına imkan verilməməsidir".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR