Hacıbəy Heydərli,
AZXEBER.COM informasiya portalının baş redaktoru
14 iyul tarixində Tovuz döyüşləri yeni başlayanda "facebook”da belə bir status yazmışdım: "Azərbaycan dövləti hazırda 3 cəbhədə döyüş aparır:
1. ermənilər
2. Koronavirus
3. İçimizdəki satqınlar, sosial şəbəkədə ağzına gələni yazanlar...
Allah dövlətimizi qorusun”.
Artıq həmin statusun yazılma tarixindən 2 həftə keçir. Qüdrətli ordumuz erməni təxribatçılarına yerini göstərdi, onların hücumlarının qarşısı alındı, xalqımız və dövlətimiz şəhidlərimizə sahib çıxdı, dünyanın dörd bir yanında Azərbaycan ordusuna dəstək aksiyaları baş tutdu, vəhşiləşmiş düşmən layiqli cavabını aldı.
İkinci savaşımızda da qələbəyə çox yaxınıq. Gözəgörünməz düşmən adlanan koronavirus pandemiyası ilə mübarizədə irəliləyiş əldə etmişik. Artıq sağalma yoluxmanı 2 dəfəyə yaxın üstələyir. Ən qısa zamanda bu qələbəni rəsmiləşdirəcəyimizə də əminəm. Sadaladığım bu iki savaşda xalqla iqtidar birliyi özünü göstərdi, vətəndaşlarımız dövlətə güvənərək qələbələr əldə edib.
Üçünçü savaş apardığımız qüvvə isə daha təhlükəlidir. Çünki erməni və koronavirusun mənbəyi məlumdur. İçimizdə olan satqınlar, sosial şəbəkələrdə ağzına gələni yazanlarla mübarizə hər birimizin vətəndaşlıq borcu olmalıdır. Təsadüfi deyil ki, bu satqınlar hər zaman həssas məqamlarda ortaya çıxır və vahid birliyimizə zərbə vurmaq istəyir. Baxın, 14 iyul Orduya dəstək aksiyasında "xalq parlamentə” girdi, yazan da bu satqınlar idi, "filan nömrəli diziviya partladıldı” yazan da satqınlar idi, "erməni kəndlərimizi işğal etdi” deyən də satqınlar idi.
Bu adamların bir missiyası var: Azərbaycan dövlətini parçalamaq, ölkədə xaos yaratmaq, Azərbaycanı Suriyanın gününə salmaq.
Belə satqınlardan biri də Avropada yaşayan, üsyankar səfir Arif Məmmədovdur. Təsəvvür edin ki, bütün dünya azərbaycanlılarının bir olduğu günlərdə bu adam canlı yayım açaraq iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır.
Ən faciəvi tərəfi isə odur ki, bu satqın çıxışını rus dilində edir və erməni mətbuatı üçün istinad nöqtəsinə çevrilir. Yayımı bəyənənlərin və ürək qoyanların 90 faizi də ermənilər olur. Baxın, vətənə və dövlətə xəyanət belə olur. Bu günlərdə erməni mətbuatı hər cümləmizi, hər sözümüzü diqqətlə izıəyir. İnformasiya müharibəsi getdiyi bir zamanda belə bir çıxış etmək satqınlıq deyil bəs nədir?
Gələk, Arif Məmmədovun ittihamına... O deyir ki, xaricdəki iğtişaşları Azərbaycan höküməti həyata keçirir. Adamda vicdan gözəl şeydir. Görəsən, Məmmədov Los-Ancelesdə, Brüsseldə baş verənlərə harasıyla baxıb? Şəhid generalımızın fotosunu cıran, bayrağımızı yandıran, həmvətənlərimizə hücüm edən kim idi? Bu qədər də vicdansızlıq olmaz...
Avropada, ABŞ-da ermənilərin qarşısına çıxan həmvətənlərimizin çoxunu şəxsən tanıyıram. Onların çoxu heç bir siyasi iddiası olmayan, Azərbaycandakı proseslərə qarışmayan insanlardır. Həmin şəxsləri erməni qarşısına çıxmağa vadar edən sadəcə olaraq düşmənin vandallimizi, vəhşiliyi olub.
Arif Məmmədov siz bu hərəkətinizlə təkcə Azərbaycan hakimiyyətini deyil, həm də Azərbaycan xalqınə təhqir etmiş oldunuz. Və bir şeyə əmin olun ki, xalq onu dar gündə tək qoyanları bağışlamır, necə ki, sizi bağışlamayacaq.