26 fevral 1992-ci ildə törədilən amansız faciədən artıq 20 il ötür.
AZXEBER.COM-un məlumatına görə, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində davamlı tədbirlər həyata keçirən “Azərsun Holdinq” bu il də silsilə tədbirlər həyata keçirmişdir. 24 fevral tarixində holdinqin mədəniyyət mərkəzində “Azərsun Holdinq”lə, Dağlıq Qarabağın Azərbaycanlı İcması, birgə anım tədbiri keçirmişdir. Tədbirdə Xocalıdan olan faciəni yaşamış insanlar, məcburi köçkünlər, holdinq əməkdaşları ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak edirdi. “Qarabağ” futbol klubunun yeniyetmələrdən ibarət komandası da anım tədbirində idi. Tədbirdə Xocalı soyqırımı ilə bağlı qısametrajlı film, sonra isə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanan “Xocalı” adlı ədəbi bədii kompozisiya nümayiş etdirildi. Tədbirdə holdinqin idarə heyətinin sədri Abdolbari Goozal, Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şair Şirzad Qənbərov çıxış etdilər.
25 fevral tarixində isə holdinqin İdarə heyətinin sədri Abdolbari Goozal başda olmaqla holdinqin kollektivi “Ana Harayı ” abidəsini ziyarət etdi. Ziyarət zamanı abidənin önünə əklil qoyan idarə heyətinin sədri Abdolbari Goozal və kollektivi şəhidlərin ruhunu ehtiramla yad etdilər. Holdinq tərəfindən anım tədbirləri davam etməkdədir.