Bakıda reklam bazarı: Ən bahalı yerlər açıqlandı

Bakıda reklam bazarı: Ən bahalı yerlər açıqlandı
İQTİSADİYYAT
12:38 14.07.2026
220
Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən küçə reklamları şəhər mühitinin ən diqqətçəkən vizual elementlərindən biridir.

Paytaxtın küçə və prospektlərində, ictimai nəqliyyatda, avtobus dayanacaqlarında, eləcə də digər ictimai məkanlarda yerləşdirilən reklamlar həm şirkətlərin məhsul və xidmətlərinin tanıdılmasına xidmət edir, həm də şəhərin vizual görünüşünün formalaşmasında mühüm rol oynayır.

Lakin Bakıda bütün reklam yerlərinin qiyməti eyni deyil. Bu baxımdan, şəhərin hansı ərazilərində reklam yerləşdirməyin daha baha və ya daha ucuz olması, eləcə də reklam bazarında hansı formatlara daha çox üstünlük verilməsi maraq doğuran məsələlərdəndir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri bildirib ki, reklam yerlərinin qiyməti bir sıra meyarlar əsasında müəyyən edilir:

"Açıq məkanda reklam yayımına görə ödənilən haqq yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın hər 1 kvadratmetri üçün müəyyən edilir. Eyni zamanda, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi də yayımın müddəti, reklam daşıyıcısının növü və reklam yayımı zonası nəzərə alınmaqla, reklamın hər 1 kvadratmetri üzrə hesablanır".


Mətbuat katibi reklam yerlərinin bazar qiymətlərinin müəyyənləşdirilməsi məsələsinə də aydınlıq gətirib:

"Qeyd edilməlidir ki, qanunvericiliklə müəyyən olunan dövlət rüsumu və reklam yayımına görə ödənilən haqqdan fərqli olaraq, reklam daşıyıcılarının kommersiya qiymətləri bazar prinsipləri əsasında həmin reklam daşıyıcılarının mülkiyyətçiləri tərəfindən müəyyən edilir. Bu səbəbdən reklam yerlərinin bazar qiymətləri Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən müəyyən edilmir və tənzimlənmir. Bununla belə, reklam bazarında formalaşmış ümumi tendensiyalar nəzərə alındıqda, ən yüksək kommersiya dəyərinə malik reklam yerləri adətən paytaxtın mərkəzi hissələrində, nəqliyyat və piyada axınının intensiv olduğu prospekt və küçələrdə, iri ticarət və biznes obyektlərinin yaxınlığında yerləşən reklam daşıyıcıları hesab olunur. Nisbətən aşağı kommersiya qiymətləri isə şəhərin kənar hissələrində, nəqliyyat və piyada hərəkətinin daha az olduğu ərazilərdə yerləşən reklam daşıyıcılarına tətbiq edilir".

Hüseyn Azəri reklam bazarında daha çox üstünlük verilən reklam formatlarından da danışıb:

"Reklam daşıyıcısının seçimi reklamvericinin məqsədindən, hədəf auditoriyasından, reklam kampaniyasının xüsusiyyətlərindən və büdcəsindən asılıdır. Son illərdə məzmunun operativ yenilənməsi, eyni reklam daşıyıcısında bir neçə reklamın növbəli yayımlanması və reklam kampaniyalarının çevik idarə olunması imkanlarına görə rəqəmsal (LED) reklam daşıyıcılarına maraq artıb. Bununla yanaşı, billboard, meqabord, prizmatron və digər açıq məkan reklam daşıyıcılarından da geniş istifadə olunur. Hazırda açıq məkanda ən geniş yayılmış reklam daşıyıcıları isə fasad reklamlarıdır".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR