Bakının parkinq problemi niyə həll edilmir? - Saxlamağa yer yox, cərimə çox

SOSİAL
15:52 14.12.2021
450
"Biz burada hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək”.

Bu sözləri hələ ötən ilin fevralında Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən demişdi.

Prezident bildirmişdi ki, bəzi hallarda sürücülər parkinq qaydalarını kobudcasına pozurlar: "Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız”.

Gördüyümüz kimi, prezidentdə bu məsələyə ciddi yanaşaraq bununla bağlı tapşırıqlar vermişdi. Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Amma məsələyə bugünkü zamandan baxdıqda isə hələ də Bakıda parkovka problemlərinin ciddi şəkildə qaldığını görürük. Hətta buna görə sürücülərə qanunsuz cərimələr də yazılır. Hər gün bu səbəbdən xeyli sayda sürücü cərimə olunur və onlar buna görə narazılıqlarını ifadə edirlər. Hazırda Bakıda parkovka xidmətləri BNA-nın tabeliyindədir. İllərdir ki, fəaliyyət göstərən BNA isə bu məsələ ilə bağlı hələ də ciddi işlər orataya qoymayıb. Nəticə etibarilə parkovka problem isə genişlənməkdə davam edir. BNA bütün bu problemləri həll edə bilməyib, amma BNA-ya sərf edən məsələdə, yəni cərimə yazılmaq məsələsində problem yoxdur.

Bununla bağlı bir çox deputatlar da məsələ qaldırıb. Məsələn deputat Rüfət Quliyev ötən il Milli Məclisdəki çıxışlarından birində BNA-nı sərt tənqid etmişdi:

"Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşları niyə şəkil çəkib qaçır? Harada dayanma-durma qadağandırsa, yazsınlar ki, burada 5, 10 dəqiqə durmaq olmaz, gəlib izah etsinlər ki, burada saxlama, orada saxla, daha niyə şəkil çəkən kimi qaçırlar? Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-ın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”

Bəs bütün bu problemlər niyə bu qədər qabarıb. Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Yasin Mustafayev AZXEBER.COM-a fikirlərini bildirib.
 
Ekspert də qeyd edib ki, BNA-nı bu məsələdə keçirdiyi tədbirlər mübahisəli məsələlərdir:

sasnaməyə əsasən, Bakı Nəqliyyat Agentliyi parkinglərlə bağlı Bakıda tədbirlər keçirməlidir. Bu, onların səlahiyyətindədir, amma hansı səviyyədə keçirir, ümumiyyətlə, keçirirmi? Keçirdikləri tədbirlər hansı standartlara uyğundur? – bu, mübahisəli məsələlərdir. Bu suallara cavab birmənalı deyil. Görülən tədbirlərlə bağlı da eyni şeyi demək olar. Çətinliklər, sıxıntılar var, buna da görə də sürücülər tərəfindən belə problemlər qaldırılır. Bu məsələ ilə bağlı biz də görüş təklif etmişik, amma təəssüf ki, BNA bunu öz mütəxəssisləri ilə həll etməyə çalışır. Düzdür, görülən işlər də çoxdur, bunları qənaətbəxş hesab etmək olar. Bununla yanaşı mübahisəli məsələlər də çoxdur”.

Ümid edirik ki, BNA bu məsələyə ciddi yanaşacaq və çoxlarını narahat edən bu cür problemlərin aradan qaldırılması üçün işlər görüləcək.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR