Son günlər 617 balla bir abituriyentin baytarlıq ixtisasını seçməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Yüksək bal toplayan abituriyentin bu ixtisasa üstünlük verməsi bir tərəfdən baytarlıq sahəsinə marağın artması kimi qiymətləndirilsə də, digər tərəfdən ixtisasın Azərbaycanda əmək bazarındakı mövqeyi və məzunlar üçün karyera imkanları ilə bağlı suallar yaradıb.
Maraqlıdır, 617 balla baytarlıq ixtisasını seçmək Azərbaycanda əmək bazarının reallıqları baxımından nə dərəcədə düzgün seçimdir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, baytarlıq kifayət qədər mürəkkəb və məsuliyyətli sahədir:
"Baytarlığa ən yüksək balla gənclər qəbul olmalıdır. Ona görə ki, bu sahə olduqca mürəkkəb sahədir. Belə bir deyim var - həkimlər insanları, baytarlar isə bəşəriyyəti müalicə edirlər. Bir var insanları müalicə edəsən, bir də var heyvanları. O heyvanları danışdırmaq mümkün olmadığı üçün ağrısının harada olduğunu bilmək çox çətindir. Yəni hansı xəstəliyə yoluxub, onun hansı simptomları aşkarlamaq o qədər asan deyil”.

Ekspert yüksək balla təhsil alan gənclərdən birinin baytarlıq ixtisasını seçməsini müsbət hal kimi qiymətləndirib:
"Ona görə də bu, sevindirici haldır ki, yüksək balla oxuyan gənclərdən biri bu sahəyə üz tutub. Azərbaycanda bu gün ən çox tələb olunan mütəxəssislər baytar həkimlərdir. Demək olar ki, bütün kəndlərdə kəndlilər heyvan saxlayırlar. İnəkdir, camışdır, qoyundur, keçidir, quşlar, toyuq, qaz və sair saxlayırlar”.
V.Məhərrəmov Azərbaycanda heyvanlar arasında xəstəliklərin yayılmasının da baytar mütəxəssislərinə ehtiyacı artırdığını bildirib:
"Azərbaycanda, bildiyimiz kimi, son vaxtlar heyvanlar arasında xəstəliklər geniş yayılıb. Yəni yalnız son vaxtlar deyil, ümumiyyətlə, uzun müddətdir ki, mən bu sahəni izlədiyim üçün bilirəm. Çox ciddi problemlər yaranıb. Heyvanlar arasında ölüm halları baş verir. Heyvanların xəstələnməsi nəticəsində məhsuldarlıq aşağı düşür”.
Ekspertin sözlərinə görə, xüsusilə kənd yerlərində baytar mütəxəssislərinə ciddi ehtiyac var:
"Ona görə də tələbat var. Kənd yerlərində əhali öz hesabına daha çox heyvanların müalicəsi ilə məşğul olur. Yəni özləri ödəniş edirlər. Hər kənddə heç olmasa bir baytara ehtiyac var. Bizdə də baytarların sayı kəskin şəkildə azalıb və əksəriyyəti yaşlıdır. Ona görə gəncləşmə prosesi keçməlidir və bu prosesdə, əlbəttə, daha çox təşviqedici tədbirlər həyata keçirilməlidir ki, gənclər bu sahəyə üz tutsunlar”.
Ekspert baytar həkimlərin gəlirləri ilə bağlı da fikirlərini bölüşüb:
"Bəzi yerlərdə, əgər yaxşı baytar varsa, ödəniş də yaxşı edilir. Ona görə də mən hesab edirəm ki, onların indi qazancları yüksəkdir. Bir neçəsi ilə mən danışmışam, söhbət etmişəm. Onlar şikayətlənmirlər. Əksinə, deyirlər ki, tələbatı çatdıra bilmirik. O qədər xəstəliklər yayılır ki, baytar yalnız xəstəlik olan zaman lazım deyil. Baytara 365 günün hər günü iş var”.
Fəridə Əsədzadə









































