İsveç, Norveç, Finlandiya, Litva və Niderland 400 ədəd CV90 piyada döyüş maşınının alınması üçün 60 milyard İsveç kronundan (5,87 milyard dollar) çox məbləğdə müqavilələr imzalayıb.
Bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, İsveç 60 ədəd maşın əldə edəcək.
"Bu, bütün tarixi boyu İsveç müdafiə sənayesi üçün ən böyük sifarişlərdən biridir. Bu gün həmin maşınların birgə satınalınmasına dair müqavilələr imzalandı. Təhlükəsizlik sahəsindəki mövcud ciddi vəziyyətdə biz ölkələrimizin müdafiə qabiliyyətini gücləndirir və NATO-nu daha da güclü edirik. Dünyanın ən yaxşı piyada döyüş maşınlarından birini hazırlamış Örnşöldsvikdəki (İsveçin şimalında) "Hägglunds" şirkətinin bütün əməkdaşlarına təşəkkür etmək istəyirəm. CV90 öz imkanlarını Ukraynada nümayiş etdirdi və təkmilləşməkdə davam edir", - İsveçin Baş naziri qeyd edib.
Kristersson bildirib ki, yeni maşınlar pilotsuz uçuş aparatlarından müdafiə sistemləri ilə təchiz olunacaq.
"Bu sifariş İsveç müdafiə sənayesinin innovativ potensialını əyani şəkildə nümayiş etdirir. Biz bununla haqlı olaraq fəxr edə bilərik", - İsveçin Baş naziri vurğulayıb.











































