AZXEBER.COM "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi komandasında motivasiyanın qaydasında olduğunu vurğulayıb:
"Futbolçularımı bu vacib qələbə münasibətilə təbrik edirəm. Bununla da Avropa Liqasına vəsiqəni rəsmiləşdirdik. Bəlkə də meydanda nümayiş etdirilən oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxmağı bacaran komanda var idi.
- Mətbuatda Kipr klubunda çıxış edən futbolçu ilə anlaşdığınızla bağlı xəbərlər var. Bu, nə dərəcədə doğrudur?
- Hazırda heç bir futbolçu ilə rəsmi razılaşmamız yoxdur. Bir çox oyunçu ilə danışıqlar aparırıq. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.
- Komandanın Çempionlar Liqasında, yaxud Avropa Liqasında çıxış etməsi klubun transfer fəaliyyətinə və futbolçuların qərarına təsir göstərirmi?
- Məncə, etmir. Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar.
- Musa Qurbanlının zədəsi avrokubok oyunlarına kimi sağalacaq?
- Ola bilər ki, Avroliqa oyunlarına kimi düzəlməsin. Hələ məşqlərə başlamayıb, müalicəsi davam edir. Böyük ehtimal, belə olacaq.
- Bədavi Hüseynova yeni müqavilə təklif olunacaq?
- Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq.











































