Məktəb illərini xatırlayanda o günlərlə bağlı ilk ağla gələnlərdən biri də müəllimlər olur. Kimisi öyrətdiyi dərslə, kimisi sərtliyi ilə, kimisi də mehribanlığı ilə yadda qalır. Bəzən illər keçir, məktəb bitir, əlaqələr kəsilir, amma bəzi xatirələr heç vaxt köhnəlmir.
Seymur müəllim mənim məktəb illərimdən yaddaşımda qalan, adını hər dəfə xoş hisslərlə xatırladığım müəllimlərdən biridir.
Seymur müəllim biz 8-ci sinifdə oxuyanda Bakıdan rayonumuza dərs keçmək üçün gəlmişdi. Burada ev tutub qalırdı, həftədə bir dəfə Bakıya, ailəsinin yanına gedirdi.
Çox mehriban, səmimi, mərhəmətli insan idi. Sinifdə hamımız onu sevirdik. Bizimlə elə ünsiyyət qururdu ki, bəzən onun müəllim olduğunu belə unudurduq. Zarafatlaşır, söhbət edir, dərsi də özünəməxsus şəkildə keçirdi. Onun dərsinin başlamasını səbirsizliklə gözləyirdim.

Bizim sinif də sakitliyi ilə seçilmirdi. Uşaqların səs-küyü, nadinclikləri bəzən Seymur müəllimi də hövsələdən çıxarırdı. Bir dəfə, hər zamankı dərslərdən biri idi. Dərsin sonunda ərizə yazaraq bizim sinfə dərs keçməkdən imtina etdiyini eşitdik.
O günü yaxşı xatırlayıram. Sinifdə hamımız ağlayırdıq. Sinfin ən zəif oxuyan şagirdi belə ağlayır, onun getməsini istəmirdi. Dərsdən sonra oğlanlardan bir neçəsi onun qaldığı evə gedib üzr istəmiş, geri qayıtmasını xahiş etmişdilər. Çətinliklə də olsa, razı olmuşdu.
Növbəti dərs günü sinifdə hamı sakit idi. Yəqin ki, heç vaxt o qədər sakit oturmamışdıq. Bu sakitliyin arxasında isə böyük bir sevinc vardı.
Tam yadımda deyil, amma 9-cu sinifdə işlə əlaqədar başqa məktəbə getdi.

Sinif uşaqları ilə nə vaxt söhbət etsək, mütləq Seymur müəllimdən danışırdıq. Birimiz hansısa zarafatını xatırlayır, digərimiz başqa bir hadisəni danışırdı. Hər dəfə eyni söhbətləri etsək də, heç birimiz bezmirdik.
Onu sonuncu dəfə 11-ci sinifdə sınaq imtahanına gedəndə görmüşdüm. İmtahandan çıxarkən qarşılaşdıq. Yaxınlaşdım, məni tanıdı. Hal-əhval tutdu, imtahanımın necə keçdiyini soruşdu, uğurlar arzuladı. Çox adi, qısa bir görüş idi. O zaman heç ağlıma gəlməzdi ki, bu, onunla son görüşüm olacaq.
Qəza xəbərinin səhəri günü telefonuma gələn mesajlar isə illərdir xoş xatirələrlə yada saldığımız həmin müəllim haqqında ən ağır xəbəri gətirdi. Sinif yoldaşlarımdan ibarət söhbət qrupumuzda Seymur müəllimin yol qəzasında vəfat etdiyini yazmışdılar.
Nitqim tutuldu…
İnsan bəzən həyatın nə qədər gözlənilməz olduğunu belə xəbərlərlə daha dərindən anlayır. Təəssüf ki, həyat heç kimə sabah üçün söz vermir.
Səhər evdən çıxan, ailəsi ilə vidalaşan, sabaha dair planları olan bir insan axşam geri qayıtmaya bilər. Bir qəza, bir an…
Seymur müəllimin üç övladı var. Bir qız, iki oğlan. Həyat yoldaşı da müəllimdir. İndi onun yoxluğu ən çox ailəsinin həyatında hiss olunacaq. Bir ailənin ata itkisi, bir ömür-gün yoldaşının ayrılığı, övladların atasız qalması…

Bu hadisədən sonra bir daha anladım ki, insan heç bir görüşün son görüş olacağını bilmir. Bəzən ayrılarkən yenidən görüşəcəyimizi düşünürük, hal-əhvalı sonraya saxlayırıq, zəng etməyə vaxt tapmırıq. Elə bilirik ki, hələ qarşıda çox günlər, çox söhbətlər var. Amma həyat həmişə bizə düşündüyümüz qədər vaxt vermir.
Həyatdan geriyə qalan ən qiymətli şey elə xatirələrdir. Biz Seymur müəllimlə bağlı xatirələrimizi illərdir danışırıq və bundan sonra da danışacağıq. O, bizim üçün təkcə riyaziyyat dərsi keçən müəllim olmayacaq. Məktəb illərimizin bir parçası olaraq qalacaq.
Məkanınız cənnət olsun, müəllim. Sizi sevən şagirdlərinizin yaddaşında həmişə yaşayacaqsınız.
Fəridə Əsədzadə












































