Bir vaxtlar evləri onlarsız təsəvvür etmək çətin idi. İndi isə həmin əşyaların bir çoxunu ya yalnız köhnə evlərdə görmək olur, ya da ümumiyyətlə xatırlayan azdır. Texnologiyanın inkişafı gündəlik həyatımıza rahatlıq gətirməklə yanaşı, bir sıra əşyaları da tədricən sıradan çıxarıb.
AZXEBER.COM həmin əşyaları təqdim edir:
Videomaqnitofon vaxtilə filmlərə baxmaq üçün əsas vasitələrdən biri idi. Film kasetləri kirayələmək, evdə ailə ilə film izləmək xüsusi bir məşğuliyyət sayılırdı. Sonradan DVD-lər, daha sonra isə onlayn platformalar videomaqnitofonları tarixə çevirdi.
Kasetlər də bir dövrün əsas musiqi vasitəsi idi. İnsanlar sevdikləri mahnıları kasetə yazdırır, hətta xüsusi musiqi siyahıları hazırlayırdılar. Bu gün isə bir neçə saniyəyə istənilən mahnını telefondan tapmaq mümkündür.
Fotoalbomlar da əvvəlki əhəmiyyətini itirib. Əvvəllər çəkilən şəkillər fotoatelyedə çap etdirilir və albomlarda saxlanılırdı. İndi isə minlərlə fotoşəkil telefonun yaddaşında və bulud sistemlərində qorunur.
Divar təqvimləri və qeyd dəftərləri də texnologiyanın təsir etdiyi əşyalardandır. Görüşləri, doğum günlərini və vacib tarixləri qeyd etmək üçün artıq telefonlardakı təqvim və xatırlatma proqramlarından istifadə edilir.
Masaüstü kalkulyatorlar da əvvəlki qədər lazım olmur. Sadə hesablamalar üçün ayrıca cihaz saxlamağa ehtiyac qalmayıb – kalkulyator funksiyası demək olar ki, hər smartfonda mövcuddur.
Ensiklopediyalar və lüğətlər isə internetin yayılması ilə gündəlik istifadədən böyük ölçüdə çıxıb. Əvvəllər hər hansı məlumatı tapmaq üçün qalın kitabları vərəqləmək lazım gəlirdisə, indi həmin məlumatı saniyələr ərzində internetdən əldə etmək mümkündür.
Əslində, texnologiya bir çox əşyanı tamamilə yox etməyib. Onların gördüyü funksiyaları sadəcə daha kiçik və daha çoxfunksiyalı cihazların üzərinə keçirib. Bu gün bir smartfon zəng etməkdən tutmuş foto çəkməyə, musiqi dinləməyə, kitab oxumağa və hesablamalar aparmağa qədər bir çox işi əvəz edir.
Şahanə Ziyad











































