Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi

Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
SAĞLAMLIQ
16:46 29.07.2026
130
Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib.

İddia olunur ki, son iki ayda ölkəyə gətirilən botoks preparatları keyfiyyətsizdir. Nəticədə prosedurlar üçün müraciət edən şəxslərin üzlərində əyilmə, gözlərində çəpləşmə, nitq qabiliyyətinin itməsi, əl, qol əzələlərinin iflici müşahidə olunur.

Azərbaycanda istifadə olunan botoks preparatları əsasən ABŞ, Cənubi Koreya, Almaniya, Böyük Britaniya və Fransadan idxal edilir. Son illərdə bazarda üstünlük təşkil edən məhsullar isə Cənubi Koreya istehsalı botoks preparatlarıdır. Bununla yanaşı, ABŞ istehsalı Botox, Almaniya istehsalı Xeomin və Böyük Britaniya istehsalı Dysport da ölkədə geniş istifadə olunur.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən ( AEM) verilən məlumata görə, vətəndaşlar göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər:

"Vətəndaş göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür".

Həkim-dermatoloq Quba Rüstəmova AZXEBER.COM-a açıqlamasında deyib ki, botoksun funksiyası seçilmiş əzələlərin müvəqqəti iflic edilməsidir:

"Botoks əsasən 50-55 yaşdan yuxarı şəxslərdə, allergik reaksiyası olanlarda, inyeksiya ediləcək nahiyədə aktiv infeksion proses mövcud olduqda, həmçinin sinir-əzələ xəstəlikləri (məsələn, miasteniya qravis) olan pasiyentlərdə estetik məqsədlə tətbiq edilmir. Eyni zamanda, hamiləlik dövründə də estetik məqsədlə botoks məsləhət görülmür. Lakin hamilə qadında nevroloji problem olduqda və tibbi göstəriş varsa, botoks tətbiq oluna bilər. Botoksun funksiyası seçilmiş əzələlərin müvəqqəti iflic edilməsidir. Bu təsir adətən 2-6 ay davam edir”.


O qeyd edib ki, bəzi pasiyentlərdə preparatın dozasının normadan artıq seçilməsi arzuolunmaz əzələlərin də iflicinə səbəb ola bilər:

"Bəzi pasiyentlərdə preparatın dozasının normadan artıq seçilməsi və ya inyeksiyanın lazım olduğundan daha dərin vurulması arzuolunmaz əzələlərin də iflicinə səbəb ola bilər. Bu isə müxtəlif fəsadlarla nəticələnə bilər. Məsələn, qoltuqaltı nahiyəsinə botoks tətbiq edilərkən preparat daha dərinə yeridilərsə və ya doza həddindən artıq olarsa, pasiyentin qolunu qaldırmaqda çətinlik çəkməsi və əzələ zəifliyi müşahidə oluna bilər”.

"Nadir hallarda isə botoksun normadan artıq dozada tətbiqi udma aktının pozulması, ümumi halsızlıq və nəfəs darlığı kimi ciddi fəsadlara səbəb ola bilər. Bu hallar təcili tibbi müdaxilə tələb edən vəziyyətlər hesab olunur”,-deyə dermatoloq qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR