Bu gün müşahidə olunan küləkli və tozlu hava şəraiti şəhər sakinlərinin gündəlik həyatına təsir edən amillərdən birinə çevrilib.
Güclü küləklə birlikdə havaya qalxan toz hissəcikləri xüsusilə şəhər ərazilərində havanın keyfiyyətinin pisləşməsinə səbəb olur.
Belə hava şəraiti bəzi insanlar üçün sadəcə narahatlıq yaratsa da, sağlamlıq baxımından müəyyən risklər də daşıya bilər.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, küləkli və tozlu hava xüsusilə tənəffüs sistemi ilə bağlı problemi olan insanlar üçün daha ciddi təsirlər yarada bilər:
"Hər keçən il biz hava çirklənməsini daha da real şəkildə görməyə davam edirik. Öncəki illərlə müqayisədə bu il də istisna deyil. Hava dünən axşam xüsusilə ciddi şəkildə çirklənmişdi. Havada toz yığınına bənzər çox ciddi maddə qarışığı var idi. Bu, isti hava şəraiti, avtomobillərdən çıxan qazlar, yanacağın yanması nəticəsində yaranan tullantılar və küləyin qaldırdığı toz hissəciklərinin qarışması nəticəsində formalaşır. Xüsusilə yağışın az olduğu dövrlərdə bu maddələrin havada qalma müddəti daha da uzanır. Təbii ki, bu, insanların sağlamlığına təsirsiz ötüşə bilməz”.
Pulmonoloq qeyd edib ki, belə hava şəraitində bəzi xəstəliklər kəskinləşə, insanlarda müxtəlif allergik reaksiyalar və tənəffüs problemləri yarana bilər:
"İlk növbədə bu vəziyyətdən ən çox əziyyət çəkən insanlar tənəffüs yollarının allergik xəstəliklərindən əziyyət çəkən şəxslərdir. Allergik rinit, allergik konyunktivit, allergik farinqit və astma xəstəliyi olan insanlar üçün bu, ciddi təsir göstərir və xəstəliklərin kəskinləşməsinə səbəb olur. Bundan əlavə, əsasən siqaretlə bağlı yaranan xroniki obstruktiv ağciyər xəstəliyi olan şəxslər də bu hava şəraitindən ciddi təsirlənirlər. Ən çox bu insanlar tozlu havalardan əziyyət çəkirlər. Göz sulanması, davamlı asqırma, boğazda yanma və qaşınma kimi hallar meydana gələ bilər. Bu problemlərin qarşısını almaq üçün, əgər sizdə allergiya varsa və əvvəllər müalicə almısınızsa və ya mütəmadi müalicə qəbul edirsinizsə, bu dövrlərdə həmin müalicəni davam etdirmək lazımdır. İkincisi, mümkün qədər çölə çıxarkən ağzı bağlı maskalardan istifadə etmək daha məqsədəuyğundur. Belə tozlu və küləkli havalarda mümkün qədər gecə saatlarında gəzinti etmək daha yaxşıdır, nəinki gündüzlər. Çünki gündüz vaxtı küləklə yanaşı avtomobillərdən çıxan yanacaq tüstüləri də havadakı çirklənməni artırır”.
Fəridə Əsədzadə











































