Xəbər verdiyimiz kimi, yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkildiyi iddia olunan görüntülər ciddi narahatlıq yaradıb. Görüntülərdə məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi görünür.
Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, həmçinin dərs otağında sosial şəbəkədə canlı yayım açıb.
Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bu görüntülərin sosial şəbəkədə canlı yayımlanması narahatlıq doğurmaqla yanaşı, təhsil müəssisələrində nəzarət məsələsini də gündəmə gətirib.
Yayılan görüntülərin Bakı şəhəri 264 nömrəli tam orta məktəbdə çəkildiyi bildirilir.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZXEBER.COM-a açıqlama verilib.
İdarədən bildirilib ki, 264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır.
Qeyd olunan şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin gücləndirilməsi istiqamətində tədbirlər görülüb.
Şagirdlərin valideynləri də məktəbə dəvət edilib. Onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışlarına diqqətin artırılması ilə bağlı müvafiq tövsiyələr verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəblərdə səmərəli təlim mühitinin təmin olunması və şagird davranış qaydalarına əməl edilməsinə diqqətin artırılması, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin genişləndirilməsi əsas prioritetlərdəndir.
Qeyd olunub ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Günel Hüseynli











































