2027-ci ildən etibarən arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır.
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov məlumat verib.

O bildirib ki, hazırda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 3318 tibbi xidmət daxildir:
"Agentlik tərəfindən Xidmətlər Zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır. Həmçinin qarşıdakı dövrdə həzm sistemi və tənəffüs sistemi xəstəliklərinin müalicəsi üçün ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin də icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub”.
T.Qurbanov 2026-cı ildə icbari tibbi sığorta çərçivəsində ən çox müraciət edilən tibbi xidmətlərə də aydınlıq gətirib:
"Cari ildə əhaliyə icbari tibbi sığorta çərçivəsində ən çox ümumi tibbi müayinə, endokrin, qan dövranı və sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı tibbi xidmətlər göstərilib”.
Şahanə Ziyad











































