Bu nə oyun idi, “Qarabağ”?

Bu nə oyun idi, “Qarabağ”?
İDMAN
23:20 06.08.2026
449
Sofiyadakı "Qarabağ"dan əsər-əlamət yox idi. Komanda meydana sanki bir həftə yük daşımış kimi yorğun çıxmışdı. Oyunçular adi epizodlarda topa çatmaqda, çatanda da doğru qərar qəbul etməkdə çətinlik çəkirdilər. Saysız-hesabsız səhv ötürmələr, məntiqsiz həmlələr... 

Suyu çıxmışdı "Qarabağ"ın...

Start heyəti də düz seçilməmişdi. Daha doğrusu, mövqelər yanlış idi. Kaşuku hücumun mərkəzində, Zubiri isə onun arxasında "10 nömrə" mövqeyində oynatmaq səhv idi. Ki, Qurban Qurbanov fasilədə dəyişiklik edərək hərəni öz doğru yerinə qaytarmaqla bunu etiraf etmiş oldu. Ümumiyyətlə, Zubirlə Muaddib 90 dəqiqə niyə meydanda qaldı, anlaşılmadı. 

Zubir ümumiyyətlə ayrı mövzudur. Onun səhvi ilə başlayan hücumda qol buraxdıq, dəfələrlə adi epizodda top itirdi, düz ötürmə verə bilmədi. Bir dəfə isə adi məqamda yerə yıxıldı. Biabırçılıqdır. Bu adamın komandaya ziyan verdiyini, meydanda olanda 10 nəfərlə qaldığımızı deməyə ehtiyac yoxdur. Çünki milyon dəfə demişik, təkrarlamışıq. Amma heç nə dəyişmir. 

Başqa suallar da var: Qurbanlı, Montiel, Bədavi niyə startda çıxmadı? Hoca niyə Kadini israrla ortada oynadır, cinahda, daha effektiv ola biləcəyi mövqedə oynatmır? 

Sual sayını uzada da bilərəm, amma ehtiyac yoxdur. Bu matçın nəticəsi birbaşa baş məşqçinin üzərindədir. İstər hazırlıq, istər start heyəti, istər əvəzetmələr, istərsə də digər oyuna təsir edən qərarları o verdi və bu dəfə səhv verdi. 

Ümid edək ki, bu 90 dəqiqədə olanlara bir də - xüsusilə cavab görüşündə şahidlik etməyəcəyik. Çünki bu "Dinamo"nu keçməmək biabırçılıq olacaq. Ayaqları top tutmur rəsmən. Məhəllə komandası kimidirlər. "Vestri" bunlardan daha diri, daha təhlükəli görünürdü. 50 dənə epizod əldə edib bacarıqsız şəkildə sağa-sola xərclədilər. Bu şanslar Premyer Liqamızda ən ortabab komandaya düşsəydi, "Qarabağ" qapısında azı 5 top görərdi. 

Keçmək lazımdır bunları. Nə olursa-olsun.

Kənan Məstəliyev,
İdman yazarı
OXŞAR XƏBƏRLƏR