Cəmiyyəti ən çox narahat edən sual - Gündə 5 limit yardım toplayanalara da aid ediləcək?

Cəmiyyəti ən çox narahat edən sual - Gündə 5 limit yardım toplayanalara da aid ediləcək?
MANŞET
12:21 04.08.2026
597
Xəbər verdiyimiz kimi, avqustun 1-dən qüvvəyə minən qərara əsasən, kart sahibləri artıq gün ərzində 5 dəfə, aylıq isə ümumilikdə 20 min manat həcmində kartdan-karta pul köçürməsi edə biləcəklər.

Xatırladaq ki, son illər sosial şəbəkələr üzərindən xəstə uşaqların müalicəsi və digər yardım ehtiyacları üçün təşkil olunan xeyriyyə kampaniyalarının sayı xeyli artıb. Bir çox vətəndaşlar bu cür aksiyalara kartdan-karta köçürmələr vasitəsilə sürətli və rahat şəkildə dəstək olurlar.

Lakin köçürmələrə tətbiq edilən yeni məhdudiyyətlər xeyriyyə məqsədli ianə toplanışlarının gələcək taleyi ilə bağlı suallar doğurur. Maraqlıdır, yeni qaydalar çərçivəsində xeyriyyə kampaniyalarının çətinliklə üzləşməməsi üçün hər hansı xüsusi mexanizm və ya istisnaların tətbiqi nəzərdə tutulurmu?

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni qaydalar çərçivəsində müəyyən güzəştlərin olması nəzərdə tutulub:

"Kartdan-karta ödənişlərlə bağlı tətbiq edilən məhdudiyyətlərdə istisnalar və güzəştlər nəzərdə tutulub. O güzəştlərdən biri də risk qrupuna daxil olmayan ödənişlərdir. Əgər nəzərə alsaq ki, söhbət burada gün ərzində beş ödənişin - yəni bir kartdan digər karta ödənişin həyata keçirilməsindən gedir, eyni zamanda, təbii ki, istisnaları da nəzərə alsaq, xüsusən də ianə ilə bağlı ödənişlərin bu istisnalara daxil olması mümkündür”.


Vüqar Bayramov qeyd edib ki, ianə köçürmələrinin şəffaflığı bu prosesdə əsas rol oynayır:
"İanələr də risk qrupuna daxildir və bu zaman həmin ödənişin ianə olduğunu təsdiq edən məlumat, praktik olaraq, onu risk qrupuna daxil olmayan ödənişlər kimi qruplaşdırmış olur. Bu da nəticədə həmin ödənişlərin həyata keçirilməsinə imkan yaradır. Bu kontekstdən, təbii ki, bütövlükdə bu istiqamətdə ödənişlərlə bağlı istisnalar və güzəştlərin tətbiq olunması imkan verəcək ki, nəticədə ianə kampaniyalarını əvvəlki formada davam etdirmək mümkün olsun”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR