Ruslan Zeynal
Yalançının evi yandı inanmadılar…
Əfsuslar olsun ki, gündəlik olaraq Bakıda və ya bölgələrimizdə kiminsə müxtəlif səbəblərdən evinin, əmlakının yanması ilə bağlı xoşagəlməz xəbərlər alırıq. Tez-tez saytlarda yazılar oxuyuruq və televizorda görüntülərə rast gəlirik. Mülk sahibləri evlərinə dəyən ziyanı dilə gətirsələr də əksər hallarda heç bir yerə müraciət etmirlər. Çünki daşınmaz əmlaklarını sığortalatmağa lap əvvəldən maraq göstərmirlər, həm də məsələyə ciddi yanaşmırlar. Bəlkə də sığortaya inanmırlar, ya da bu barədə doğru-düzgün məlumat ala bilmirlər. Bu məqamda sığorta şirkətlərinin müəyyən mənada günahı var. İnsanlara qaydaları daha asan dildə və onların başa düşəcəyi formada izah etmək etmək lazımdır. Hətta icbari sığorta sözünü anlamayanlar da ola bilər. İcbari – məcburi deməkdir. Ona görə də bir çox hallarda vətəndaşların evləri, mülkləri yanır, laqeyid yanaşıb sığortalamırlar. Əşi, onsuz da sığorta şirkəti pul verən deyil, fikirləşirlər. Lakin son zamanlar bununla bağlı vəziyyət müsbətə doğru dəyişir.
Evləri var xana-xana…
Hamıya məlumdur ki, ötən ilin sonunda 2020-ci il yanvar ayının 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək xəbərləri yayıldı. Başı bəlalı il başlayar başlamaz yaşadığmız binaların girişlərində, qapılarımızda "Sığorta haqqını ödəməyənlər cərimə ödəyəcək” yazısı olan kağızları gördük. Düzdür, bir tərəfdən bu insanların maariflənməsi üçün bəlkə yaxşı idi, amma və lakin sığorta şirkətlərinin belə yanaşmasını qınayanlar da oldu. Hər halda, sözümünüz mustafası odur ki, əslində daşınmaz əmlakın icbari sığortası vətəndaş üçün zəruri məsələdir. Bəzən bu vətəndaşa maraqlı olmasa da…
Ehtiyat igidin yaraşığıdır…
Əl qərəz, keçək mətləbə. Axı bu daşınmaz əmlakın icbari sığortası nə mənə olan şeydir?
Deməli belə, daşınmaz əmlakın icbari sığortası "İcbari sığortalar haqqında” Qanununun xüsusi hissəsinin I fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
Yəni, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Bəs, daşınmaz əmlakın icbari sığortasını əldə etmək üçün nə lazımdır?
Cəmisi 2 sənəd: Şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd. Bakı və Abşeronda illik 50 manat müqabilində 25 min manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda illik 40 manat müqabilində 20.000 manatlıq, digər yaşayış məntəqələrində illik 30 manat müqabilində 15.000 manatlıq paket əldə etmək mümkündür. Və ən vacib məsələ sığorta şəhadətnaməsi sizə dərhal verilir. Günlərlə gözləməyə ehtiyac qalmır.
Azərbaycanda bunu edəcək bir neçə sığorta şirkəti var. Ölkə qanunvericiliyinə görə, heç kim hər hansı şirkətlə müqavilə bağlamağa məcbur edilmir, sığorta şirkətini hər kəs könüllü seçir. İcbari Sığorta Bürosu isə hər bir halda bağlanan bütün müqavilələrə nəzarət edən və vətəndaşların hüquqlarını qoruyan qurumdur.
Sonraki peşmançılıq fayda verməz…
Məsələn əgər sizin eviniz Bakı şəhərində yerləşirsə əmlakın icbarı sığortası üçün 50 manat ödəyəcəksiniz. Bu aylıq olaraq 4 manat 17 qəpik deməkdir. Aylıq olaraq bu məbləği ödəməklə əmlakınızı icbari sığortalatmış olursuz. Nəyi pisdir?
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
- Yanğın, ildırım düşməsi;
- Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
- Elektrik naqillərində baş verən qısa qapanma;
- Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
- Su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
- Hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
- Yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
- Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
- Üçüncü şəxslərin hərəkətləri.
Göründüyü kimi əmlakımızı bu hallardan daşınmaz əmlakın icbari sığortası qoruya bilər.
Başına gələn, başmaqçı olar…
Bir də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbarı sığortası anlayışı var. Bu nədir? Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.
Əlavə edək ki, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Bir sözlə, yuxarıda sadaladığımız hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.
Saxla samanı, gələr zamanı…
Son günlər dünyanı caynağına alan COVİD-19 virusu hər kəsin istər-istəməz evə qapanmasına gətirib çıxardıb. Koronavirusla bağlı xəbərlərin, sosial şəbəkələrdə #evdəqal, #evdəqalsağlamqal, #stayhome və başqa heşteqlerin yayıldığı bir vaxtda EV sözünü böyük hərflə yazıb onun qayğıya ehtiyacı olduğunu düşünməliyik. Məhz elə buna görə də, evdə qalmaq, rahat yaşamaq və evsiz qalmamaq üçün sığortalanın. Daşınmaz əmlakın icbari sığortası barədə internetdə lazımi məlumatlar var, açın, oxuyun və maariflənin.
Maariflənin ki, yalançının evi yandı inanmadılar, deməsinlər, evləri var xana-xana desinlər. Axı, ehtiyat igidin yaraşığıdır. Atalar da yaxşı deyib, sonraki peşmançılıq fayda verməz və başına gələn, başmaqçı olar.
Ona görə də, saxla İCBARİ SIĞORTANI, gələr zamanı!