Xəbər verdiyimiz kimi, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında müxtəlif sahələr üzrə 6 sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimi Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə keçirilib.
İmzalanan sənədlər bərpaolunan enerji, investisiya, mədən sənayesi, süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, qaz sektoru və günəş enerjisi layihələrini əhatə edir.
Sənədlər arasında "Masdar” və "Azərbaycan Yaşıl Enerji Şirkəti” MMC arasında bərpaolunan enerji layihələrinin hazırlanması üzrə əməkdaşlıq sazişi, Azərbaycan İnvestisiya Holdinqi ilə "L’IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq sazişi və "AzerGold” QSC ilə "Terra Mining Ltd” arasında Naxçıvanın mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı üzrə saziş yer alır.
Həmçinin İqtisadiyyat Nazirliyi ilə "GROUP 42 Holding Ltd” arasında Azərbaycanda Data Mərkəzinin, yüksək performanslı hesablama və süni intellekt infrastrukturunun inkişafı üzrə memorandum imzalanıb.
Bundan əlavə, "Cənub Qaz Dəhlizi” QSC ilə bağlı Səhmdarlar Müqaviləsi və Neftçala 315 MVt gücündə Günəş Fotovoltaik Layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi sənədi imzalanıb.
Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi və strateji əməkdaşlığı daha da dərinləşdirir:
"Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi və strateji əməkdaşlığı daha da dərinləşdirir. Yalnız alternativ mənbələrdən enerji, yəni yaşıl enerjinin əldə edilməsi deyil, eyni zamanda digər sahələrdə suni intellekt, mineral-xammal potensialının qiymətləndirilməsi istiqamətində əməkdaşlıq qurulur və inkişaf etdirilir.
Birləşmiş Ərəb Əmirlikləri Körfəz regionunda bir sıra innovativ istiqamətlərdə, xüsusilə rola malik olan ölkələrdəndir. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə yalnız ənənəvi sahələrdə deyil, ekosistemin innovativliyini artıran istiqamətlər üzrə əməkdaşlığa imkanlar yaradır”.
O qeyd edib ki, Azərbaycan süni intellekt və rəqəmsal inkişafı dəstəkləyən ölkələrdəndir:
"Azərbaycan süni intellekt və rəqəmsal inkişafı dəstəkləyən ölkələrdəndir. Bu istiqamətdə yalnız inkişaf etmiş ölkələrlə, Amerika Birləşmiş Ştatları, Çin ilə deyil, digər Körfəz ölkələri ilə əməkdaşlıq imkanları hazırda müzakirə edilir və qiymətləndirilir. Bu kontekstdə, təbii ki, bağlanan müqavilələr iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə imkan verəcək. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlığı daha da dərinləşdirəcək.
Eyni zamanda, çox fərqli sektorlarda həm Birləşmiş Ərəb Əmirliklərinin kapitalının, həm də bu istiqamətdə təcrübəsinin transferinə imkan yaradacaq. Bu əməkdaşlıq qarşılıqlı olaraq hər iki ölkənin inkişafına töhfə verəcək”.
Şahanə Ziyad











































