Deputat Livan ermənilərinin Qarabağa köçürülməsindən danışdı

Deputat Livan ermənilərinin Qarabağa köçürülməsindən danışdı
SOSİAL
13:14 14.09.2020
1444
"Ermənilər dəfələrlə Azərbaycana təcavüz ediblər, türklərə qarşı soyqırımlar törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə həyata keçirirlər. Bunun arxasında həm türk düşmənçiliyi, həm də "Böyük Ermənistan” ideyası dayanır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
 
O qeyd edib ki, Ermənistan hər zaman köçürmə siyasətiylə yeni torpaqlar əldə etmək niyyətində olub:
 
"Tarix boyu ermənilər azərbaycanlıları öz dədə-baba ocaqlarından zorla köçürmə, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti aparmışlar. Bu siyasət iki istiqamətdə gerçəkləşdirilirdi. Bir tərəfdən Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başlanmışdı. Digər tərəfdən isə torpaqları zəbt olunmuş azərbaycanlılar qaçqın və köçkün vəziyyətinə salınırdılar.
 
Müşfiq Cəfərov deyib ki, Ermənistanın xarici ölkələrin vətəndaşı olan erməniləri Dağlıq Qarabağda yerləşdirməkdə məqsədi tarixi saxtalaşdırmaq, işğal faktını və etnik təmizləməni ört-basdır etmək, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirmək və həmin ərazilərdə guya ermənilərin sıx yaşadıqlarına dair görüntü yaratmaqdır:
 
"Uzun illərdən bəri ermənipərəst qüvvələrin və erməni millətçilərinin yürütdükləri siyasətin nəticələri göz qabağındadır. Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır.

Məhz bu məqsədlə də hər zaman yeni təxribatlara əl atırlar. Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır.
 
Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozmaqda davam edir və ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması prosesini davam etdirirlər. Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş saxta muxtariyyətin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Hətta Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə ailə bölgədə yerləşdirilib.
 
Bu qanunsuz məskunlaşma, həmçinin Azərbaycana məxsus olan torpaqlarda aparılan tikinti işləri dayandırılmalı, beynəlxalq normaları pozan düşmən dövlət məsuliyyətə cəlb olunmalıdır.
 
Əsas niyyət Dağlıq Qarabağda demoqrafik vəziyyətə süni olaraq təsir göstərmək, burada daha çox ermənilərin məskunlaşdırılmasına nail olmaqdır. Əslində bu ssenari heç də yeni deyil. Suriyadakı vəziyyəti bahanə edərək eyni siyasəti yürüdən Ermənistanın məqsədi xalqını qorumaq deyil Azərbaycan torpaqlarında işğalı qanuniləşdirməkdir. Düşmən dövlət tarixi faktları saxtalaşdırmaq üçün əlindən gələni əsirgəmir.
 
Özlərinə aid əlifba, qədimi əşyaları Azərbaycanın torpaqlarında basdırırlar ki, guya bu torpaqlar ermənilərin əzəli torpaqları olub. Bu gün Ermənistan açıq-aşkar beynəlxalq qurumlara və ya onların qətnamələrinə hörmət etmir. Bu ölkə işğal siyasətini davam etdirir və görünür ki, bu mötəbər təşkilatlar, qurumlar onu dayandırmaq niyyətində deyil. Çünki işğalçı ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, xüsusilə də qanunsuz məskunlaşdırma siyasətinə isə dünya birlikləri susur.
 
Qeyd edim ki, bu məsələ ilə bağlı susqunluq heç də anlaşılan deyil. Bütün demokratik ölkə və qurumlar Dağlıq Qarabağda gərginləşən vəziyyətdən yalnız təəssüfləndiklərini bildirirlər. Amma Ermənistan günahkardır, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal edir. Üstəlik bunu açıq şəkildə sosial şəbəkələrdə paylaşaraq dünyanın gözü önündə edir. Biz beynəlxalq qurumlardan haqqımızı sözdə yox, əməldə fəaliyyət göstərmələrini tələb etməliyik.
 
Bildirməliyik ki, ATƏT-də Ermənistanın bu seperatçı davranışına qarşı əməli tədbir görülsün, eləcə də işğalçı ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnaməsini qeyri-şərtsiz icra etməsini tələb etsin".
OXŞAR XƏBƏRLƏR