Deputatdan BNA-ya sərt sözlər: Vətəndaşa bu qədər zülm etmək olar?

SOSİAL
13:41 10.08.2021
2133
"Bunlar vətəndaşı soymaq hesabına zənginləşiblər və fikirləşirlər ki, istənilən şəxslə bu tonla danışmaq olar. Təsəvvür edin, millət vəkilinə bu sözləri deyən bu cür bir qurum vətəndaşla necə danışır". 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa BNA rəsmisi Mais Ağayevin onun haqqında dediyi fikirlərə münasibət bildirərkən deyib.

O, bildirib ki, aptekdən dərman almaq üçün maşını saxlayanda da cərimə yazılır:

"Bir sıravi jurnalistlə, sıravi məmurla bunlar necə danışar? Bunlar həmin şəxslərin cızığı nə qədər keçdiyinin görüntüsüdür. Bunlar hər yanı avtomatlaşdırmalı idilər, harada park ediləcəksə, ora pul ödəməli idin, bu da dövlətə getməli idi. O boyda avtomatlara da büdcədən pul xərclənib. Bu gün yenə sarı biletlərlə adamlar qanunsuz pul yığırlar. Bəs bunu niyə tənzimləyə bilmədilər? 

Biri aptekdən dərman almaq istəyir, maşını saxlayır ki, bir dənə baş ağrısı, qarın ağrısı dərmanı alsın. Gəlib maşına oturanda görür ki, cərimə yazılıb. Vətəndaşa bu qədər zülm etmək olar?

Fazil Mustafa onu da qeyd edib ki, bu mövzunun qaldırılmasında vətəndaşlar da passivlik göstərir:

"Bundan başqa dar yollarda avtobuslara zolaqlar ayırmaqla on minlərlər maşının sürücüsünü zəlil günə qoydular. Onlar tıxaclarda boğulurlar. Bəs bunu niyə tənzimləyə bilmirlər? Şənbə, bazar günləri də oradan pul yığırlar. Onlar vətəndaşı dolayırlar. Vətəndaş da passivlik göstərir. Bunları məhkəməyə verməlidirlər, hər bir vətəndaşın boynunda cərimə var. Onsuz da vətəndaşın çoxu iş yerini itirib. Bu cür ağır durumdan sonra vətəndaşın hesabına cib doldurmaq olar? Ona görə də, biz bu məsələnin üzərinə gedəcəyik. Millət vəkillərinin sözlərinə izahat vermək əvəzinə piyada gəzməyə tövsiyyə edirlər. Piyada gəzməyə səki qoymusunuz? Piyada keçidləri vaxtlı-vaxtında ağardılmır. Çünki o məhsulların da pullarını yeyirlər”. 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev deputat Fazil Mustafanın müsahibəsinə cavab olaraq bunları bildirmişdi:

"Milli Məclisin üzvü, millət vəkili Fazil Mustafanın informasiya saytlarından birinə verdiyi müsahibə zamanı Bakı Nəqliyyat Agentliyi barədə səsləndirdiyi qərəzli və subyektiv fikirlər təəssüf doğurur. Bu cür əsassız fikirlər Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyədə çaşqınlıq yaradaraq şübhə altına alır.

Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir.

Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur.

Avtomobil sürücüləri ilə müqayisədə hərəkət iştirakçıları arasında ictimai nəqliyyat istifadəçiləri əsas üstünlüyə malikdilər. Onların rahatlığını təmin etmək də daim dövlətin diqqət mərkəzindədir. Dövlət Başçısının tapşırığı ilə son beş ildə Bakı şəhərinin avtobus parkının həmçinin ictimai nəqliyyat infrastrukturunun müasirləşməsinə sərmayə qoyulması da bu diqqətin bariz nümunəsidir.

Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik. Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər.

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığı üçün həyata keçirilən layihələr, onların müsbət təsirləri ilə bağlı davamlı maarifləndirmə və məlumatlandırma işləri aparır. Bunu nəzərə alaraq icra olunan layihələr, beynəlxalq təcrübədə bu işlərin hansı formada əksini tapması, ən əsası vətəndaşlarımızın bu işlərdən hansı formada bəhrələnəcəyi barədə millət vəkili eləcə də digər maraqlı şəxslərə təqdimatlar etməyə və onlarla açıq müzakirlərə də hazır olduğumuzu da qeyd edirik”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR