Diaspor sahəsində gənclərin rolu

GƏNCLİK
16:57 26.07.2021
1695
Bu gün ölkəmizdə Gənclər və İdman nazirliyinin yaranma günüdür. Belə bir mərkəzi icra qurumunun yaradılması dövlətimizin gənclərə diqqət və qayğısının bir nümunəsidir. Gənc nəslin vətənpərvər böyüməsi, müəyyən sosial qayğılarının qarşılanması, istedadlı gənclərimizə dövlət dəstəyinin göstərilməsi və s. kimi istiqamətlər daim dövlətimizin daxili siyasətinin prioritetlərinə aid olub. Məhz, bunun nəticəsidir ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəninə, dövlətinə bağlıdır. Necə deyərlər, harada azərbaycanlı varsa, orada kiçik bir Azərbaycan var.  
 
Bu gün dünyanın dörd bir yanında milyonlarla azərbaycanlı yaşayır. Artıq son yüzillik ərzində xaricə üz tutan soydaşlarımızın arasında üçüncü nəsil formalaşır ki, Azərbaycan diasporunun  inkişafı və uğurunda da, məhz bu nəslin öz payı vardır.
Ata-babaları tərəfindən onlara aşılanan, hansı ölkədə yaşamasından asılı olmayaraq onlara ötürülən Vətən sevgisi hətta Azərbaycanı heç vaxt görməyən kiçikyaşlı azərbaycanlının da ürəyində yer alır. Milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənclərin uğurları ümummilli lider Heydər Əliyevin onlar haqqında olan düşüncələrini bu gün əyani şəkildə sübut edir: "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.
 
Artıq yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporunun fəaliyyətində də gənclərin nəfəsi xüsusi hiss olunur. Onların bir çoxu Azərbaycan diaspor təşkilatlarında təmsil olunur, bəzən isə diaspor təşkilatlarında rəhbər vəzifələrə yiyələnirlər. Diasporla iş sahəsində dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlərdə gənc həmyerlilərimizi bu işə yaxından cəlb etməyə nail olur. Avropa ölkələrində yeni yaradılmış Koordinasiya Şuralarına gənc azərbaycanlılar yaxından cəlb olunması buna əyani nümunədir. Hətta onların bəziləri bu Şuralarının əlaqələndiriciləridir. Həmin gənclərin sayəsində gənc həmvətənlərimiz Azərbaycan adına xüsusi fəallıq göstərir, ölkəmiz üçün xüsusi əhəmiyyətli mövzulara öz töhfələrini verirlər. Dəfələrlə mühüm tədbirlərdə, konfranslarda Azərbaycana qarşı hər zaman saxta və yalan dolu ittihamlar səsləndirən ermənilərin çıxışlarını yarımçıq kəsmiş, Azərbaycanın haqlı mövqeyini dünya tribunalarından çatdırmışlar. O cümlədən, beynəlxalq festivallarda Azərbaycanın ərazi bütövlüyü, mədəniyyəti, tarixi irsi ilə bağlı ermənilər tərəfindən saxtalaşdırılmış və təhrif olunmuş informasiyaları xeyrimizə dəyişməyə müvəffəq olmuşlar. Bu gün həmin gənclərimizin sayəsində dünyanın əksər ölkələrində Azərbaycan üçün xüsusi əhəmiyyətli günlərdə (Xocalı soyqırımı, 20 Yanvar faciəsi, 31 Mart soyqırımı və sair) irimiqyaslı tədbirlər, mitinqlər, konfranslar, dəyirmi masalar təşkil olunur. Yaşadıqları ölkələrin dilində səlis danışan gənc həmyerlilərimiz müxtəlif dillərdə bəyanatlar, qətnamələr tərtib edərək həmin ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən siyasi xadimlərə təqdim edirlər. Eyni zamanda, xarici ölkələrin parlamentariləri, siyasi fiqurları ilə vaxtaşırı görüşlər keçirir, onları Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırırlar.  
 
Ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmin edilməsi, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində onların fəaliyyətinin qurulması istiqamətində işlərin aparılmasının nəticəsi olaraq dünyanın bir çox ölkələrində sırf azərbaycanlı gənclərin koordinasiyasını təşkil etmək məqsədilə birliklər yaradılıb. Alman Azərbaycan Gənclər Birliyi, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Polşada Azərbaycanlı Gənclər Birliyi, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı və digər bu səpkili təşkilatlar faktı təsdiqləyir. İrimiqyaslı fəaliyyətinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyini (RAGB) xüsusilə qeyd etmək yerinə düşər. RAGB Rusiyanın bir çox regionlarında fəaliyyət göstərir və fəaliyyətinin ilk günlərindən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını həyata keçirir, Rusiyada oxuyan və işləyən azərbaycanlı gəncləri birləşdirir, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına və öz ölkələrini ləyaqətlə təmsil etmələrinə kömək edir.  
 
Xaricdə yaşayan, xüsusilə də orada doğulub boya başa çatan azərbaycanlı gənclərin tarixi Vətənlə bağlarının möhkəmləndirilməsi, Azərbaycan haqqında daha geniş informasiyaya sahib olması üçün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlər daha ciddi cəhdlə fəaliyyət göstərir, bu istiqamətdə nəzərəçarpacaq addımlar atır. 2018-ci ilin avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xaricdə yaşayan gənc diaspor nümayəndələrini Şəki şəhərində Diaspor Gənclərinin  Yay Düşərgəsində bir araya topladı.  37 ölkədən 140 gəncin qatıldığı düşərgədə iştirakçılar Azərbaycanın dilbər guşələri ilə tanış olmaq, Azərbaycan dilini mənimsəmək, Azərbaycan həqiqətləri, mədəni, tarixi irsi ilə bağlı daha geniş məlumat almaq imkanı qazandılar.  "Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin sonunda gəncləri vahid platformada birləşdirəcək yeni bir təşkilatın- "Azərbaycan Diaspor Gəncləri”nin təsis edilməsinə qərar verildi. Beynəlxalq müstəvidə fəaliyyət göstərməyi hədəf seçən ADG-nin hazırki prioritetləri beynəlxalq informasiya məkanına daha geniş çıxış imkanları, ölkəmizlə bağlı həqiqətlərin daha effektiv və intensiv  təbliğində iştirakdır. ADG - nin müəyyən ölkələr üzrə seçilmiş koordinatorları ötən müddət ərzində bu istiqamətdə bir çox tədbirlər həyata keçirmiş və təşkil olunan tədbirlərdə Azərbaycan Diaspor Gənclərini təmsil etmişlər.
 
Gənclərimizin tarixi Vətənləri ilə əlaqələrinin gücləndirilıməsinə xidmət edən növbəti - "Nəsimi 650” adlı II Yay düşərgəsi II Yay düşərgəsi 8-14 iyul 2019-cu il tarixində Şamaxı şəhərində keçirildi. Düşərgədə 51 ölkədən 110 gənc iştirak edib.
Bu gün böyük fəxarət hissi ilə deyə bilirik ki, öz peşəkar faəliyyətlərini xarici ölkələrdə qurmağı seçən gənclərimiz Ana Vətənlə bağlarını qırmır, əksinə, Azərbaycanın adını uğurla təbliğ və təmsil edirlər. Xaricdə yaşayan həmvətənlərimiz arasında dünyaca məşhur alimlər, həkimlər,  musiqiçilər,  memarlar yetişir. Nəhəng şirkətlərdə, beynəlxalq təşkilatlarda, böyük auditoriyalarda istedadlı azərbaycanlıların adları çəkilir, dünya gənclərinə nümunə olaraq təqdim edilir. Onların arasında əvvəllər NASA-da, indi isə "Mersedes” şirkətinə çalışan Teymur Sadıxov, "Tvitter” sosial şəbəkəsində işləyən Tural Bədirxanlı, Dünya Atletika Çempionatının birincisi Ramil Quliyev, məşhur cərrah Samir Babayev, Azərbaycanın ilk qadın dirijoru, musiqiçi Turan Manafzadə, violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev, dirijor və musiqiçi Mustafa Mehmandarov , tanınmış kinoaktrisa Nəsrin Cavadzadə, şahmatçılar Mirağa Ağayev, Nərgiz Umudova moda dizayneri Şərvin Nəcəfpur və digər yüzlərlə uğurlu və peşəkar gənclər var. Onlar yaşadıqları ölkələrdən, təmsil etdikləri peşələrdən asılı olmayaraq azərbaycanlı olduğunu unutmur, qazandıqları uğurları həm də Azərbaycan adına təqdim edirlər.
 
Azərbaycanlı gənclər həm də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına yüksək səviyyədə inteqrasiya olunur. Onların sırasında parlamentlərə seçilən çoxsaylı deputatlar, bəzi şəhərlərin meriyasına seçilən azərbaycanlılar var. Xüsusilə də, son illər Avropa ölkələrində fəal azərbaycanlı gənclər öz uğurları ilə xüsusi olaraq seçilirlər.
 
Azərbaycan dövləti də öz növbəsində xaricdə yaşayan azərbaycanlıları, xüsusilə də gəncləri daim diqqətdə saxlayır, onların ölkəmiz üçün etdiyi işləri yüksək qiymətləndirir. Xarici ölkələrdə yaşayan istedadlı azərbaycanlılar yüksək fəxri adlarla, orden və medallarla təltif olunurlar. Hətta, yaşadığı ölkədə cəmiyyət üçün öz xeyirli əməlləri ilə, göstərdikləri sücaətlə tanınan həmyerlilərimiz ölkəmizə dəvət olunur, mükafatlandırılırlar. Xaricdə yaşayan hər bir soydaşımıza, xüsusilə də gənclərə artan diqqət və qayğının nəticəsidir ki, uğur qazanmış gənc həmyerlilərimiz ölkəmizə gələrkən Diasporla İş üzrə Dövlət Komitəsini ziyarət edir, Azərbaycanda həyata keçirilən gənclərlə bağlı layihələrə öz dəstək və töhfələrini verirlər. Ana Vətənə olan sevgilərini nümayiş etdirir, qloballaşan dünyada ölkəmizin layiqincə təmsil olunması  üçün öz səylərini əsirgəmirlər.
 
Ümummili liderin dediyi "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” sözləri bu gün yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlı gəncin həyat devizinə çevrilməkdə davam edir.

OXŞAR XƏBƏRLƏR