"Dövlət Təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyatları izləyirəm və bunu yüksək qiymətləndirirəm. Bu Azərbaycan xalqının çoxdan gözlədiyi bir prosesdir. Həm sosial şəbəkə, həm də xalq içində olduğum zaman görə bilirəm ki, Dövlət Təhlükəsizlik xidməti tərəfindən aparılan əməliyyatlar xalq içərisində rəğbətlə qarşılanır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
O icra başçılarının həbsini yüksək qiymətləndirib və davamlı olacağını bildirib:
"Prezidentin dediyi kimi, bəzi rayon icra başçıları özlərini xan, bəy kimi aparırdılar. Bununla yanaşı dövlət əmlakını da mənimsəyirdilər. Hələ bu azmış kimi, imkansız ailələr üçün ayrılmış yardımlara da göz dikirdilər. Bu insanlara heç cür ad vermək olmur.
Prezidentin etdiyi xəbərdarlıqlara baxmayaraq, həmin insanlar bunun kampaniya xarakterli olduğunu və keçib gedəcəyini düşünürdülər. Bundan heç bir nəticə çıxarmırdılar. Ancaq bu əməliyyatların ardıcıl olacağını məmurlar bilməlidir.
Prezidentin Kamran Əliyevi Baş Prokuror təyin etməsi təsadüfi deyil. O Korrupsiya ilə Mübarizə İdarəsininin rəisi olub və rüşvətxorluğa qarşı amansız mübarizə aparacaq. Bu əməliyyatlar onu göstərir ki, cəmiyyətdə bütün proseslər şəffaf olmalıdır. İnsanlar dövlətimizdən narazı qalmamalıdır. Misal üçün hansısa rayonda müəllimlərdən pul yığılıb icra başçısına verilib. Bu insanlar öz çirkin əməllərinə müəllimləri, əhalini də cəlb edirdilər. Bu çox qorxulu hal idi və dövlətin əsaslarını sarsıdırdı. Məhz buna görə də DTX bu əməliyyatları aparır. Düşünürəm ki, nəticə çıxarmayan məmurlar var və bu əməliyyatlar davam etdiriləcək".
Vilyam Hacıyevin evindən çıxan milyonlar haqda nə deyə bilərsiniz? sualına deputat belə cavab verib: "Bu dəhşətdir. Vilyam Hacıyevlə bağlı mətbuatda dəfələrlə geniş yazılar, araşdırmalar var idi. Onun varidatı, sahib olduğu maşınlar, villalar haqda geniş materiallar dərc olunurdu. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar bunu ortaya çıxardı. Bir adamın mənimsədiyi pul ilə o rayonda nə qədər adam normal yaşaya bilərdi. Bütün bunlara insan ürəkağrısı ilə baxır. Bir insan öz zənginliyi və xoşbəxtliyi üçün nə qədər insanın haqqını əlindən alıb. Bu insanlar cəzalanmalıdır. Bəziləri bunu yıxılana balta vurmaq adlandırır, ancaq bu yıxılana balta vurmaq deyil. O insan dövlətin evini yıxmaq istəyib. Əhalini narazı salmağa çalışıb. Son olaraq onu deyim ki, bu digərlərinə də ibrət olmalıdır".
Günel Hüseynli,
AZXEBER.COM
AZXEBER.COM