“Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz” – Deputat

“Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz” – Deputat
SOSİAL
00:01 16.10.2026
159
"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi siyasət ölkəmizin Avrasiyada mühüm birləşdirici mərkəzə çevrilməsinə şərait yaradır:

"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın mövqeyini açıqlamadı. O, bütövlükdə beynəlxalq münasibətlərdə ədalət və məsuliyyət məsələsini gündəmə gətirdi.

Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmiz Avrasiyada getdikcə daha mühüm birləşdirici mərkəzə çevrilir. Nəqliyyat, enerji, iqtisadiyyat və humanitar sahələrdəki əməkdaşlıq regionda təhlükəsizliyi də möhkəmləndirir. Bu siyasət bərabərhüquqluluğa, daxili işlərə qarışmamağa, ərazi bütövlüyünə və suverenliyə hörmətə söykənir.

Çıxışın əsas hissəsi ikili standartlara həsr olundu. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bu praktika ilə üzləşib. Ölkə ərazisinin təxminən 20 faizi 30 il işğal altında qaldı, bir milyon azərbaycanlı isə doğma yurdundan qovuldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. ATƏT-in Minsk qrupu isə nəticə vermədi, çünki onun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”.
 


Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyətin vaxtında və prinsipial mövqe sərgiləməməsi münaqişənin uzanmasına səbəb olub:

"Azərbaycan səbirlə sülh yolu ilə həll axtarırdı. Lakin beynəlxalq ictimaiyyət işğala göz yumdu, qətnamələrin icrasında təkid etmədi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başladı, 2023-cü ilin sentyabrında isə qısa müddətli antiterror tədbirləri ilə suverenlik tam bərpa olundu. Müharibə Azərbaycanın seçimi olmayıb. Əgər Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, döyüş meydanına ehtiyac qalmazdı”.

Onun sözlərinə görə, Azərbaycanın müharibədən sonra sülh təklif etməsi regionda sabitliyin təmin olunmasına yönəlmiş mövqeyin göstəricisidir:

"Qələbədən sonra Azərbaycan məğlub olana zərbə endirmədi və sülh təklif etdi. Bir ildən bir az çoxdur ki, region sülh şəraitində yaşayır. Bu sülh hələ kövrəkdir və onun qorunub möhkəmləndirilməsi vacibdir.

Qətnamələrin icrasını təmin edən real mexanizmlər yaradılmayana qədər münaqişələr davam edəcək, yenilərinin yaranma ehtimalı da qalacaq. Azərbaycanın təcrübəsi bunun ən yaxşı sübutudur.

Eyni zamanda, Azərbaycanın AQEM-ə sədrliyi dövründə atdığı addımlar ölkəmizin yalnız öz hüquqlarını müdafiə etmədiyini, həm də əməkdaşlığa töhfə verdiyini göstərir. Nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində irəli sürülən təşəbbüslər təşkilatı institusional və hüquqi baxımdan gücləndirib, üzvlərinin sayını artırıb”, – deyə deputat vurğulayıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR