Deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyevin idarə etdiyi «Muğanbank» ASC-nin təşkil etdiyi istiqraz layihəsilə bağlı bir sıra ilginc məlumatlar əldə etdiyimizdən onları siz oxucularımızla paylaşmaq istərdik.
AZXEBER.COM-un Tia.az-a istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı bilgilərə keçməzdən öncə qeyd etmək istərdik ki, artıq nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğlanları - Samir və Munir Vəliyevlər geniş ailə biznesi yaradaraq hazırda «JMR» adlandırılan «Jalə-Biznes» MMC, Bülbül prospektində fəaliyyət göstərən «Jalə Plaza», Odlar Yurdu Universiteti, «Muğanbank» ASC və «Oksigen» klinikasını idarə edirlər. Millət vəkilinin böyük oğlu Samir Vəliyevin Odlar Yurdu Universitetinin tədris və akademik proqramlar üzrə birinci prorektoru, kiçik oğlu Munir Vəliyevin isə adıçəkilən təhsil müəssisəsinin maliyyə işləri üzrə prorektoru vəzifəsində çalışdığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, Əhməd Vəliyevin rektoru olduğu ali təhsil ocağının tələbələri təhsil haqlarını məhz «Muğanbank»da ödəməyə məcbur edilirlər: «Odlar Yurdu Universitetinin bank hesabları «Muğanbank»da olduğundan tələbələrin təhsil haqları da bu banka yönəldilir. İllik təhsil haqlarının hesabatı bankda ört-basdır edilərək külli miqdarda vəsait əldə olunur». Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyevin idarə etdiyi «Muğanbank» ASC-də çirkli pullların «yuyul»duğunu idda edən məlumatlı şəxs bildirir ki, adıçəkilən bank iri vergiödəyicilərinin vergidən yayınması prosesində iştirak etməklə yanaşı, vergi sistemindəki əksər qara əməliyyatların ört-basdır edilməsində əsas instansiyadır: «Vergi maxinasiyaları əvvəllər bankın mərkəzi filialında aparılsa da, bu cür maxinasiyalar artıq bir müddətdir ki, xırda filiallarda həyata keçirilir. Çünki yarana biləcək problemlərdə xırda filial müdürlərini «qurban» vermək daha asan olacaq. Bildiyiniz kimi, «Muğanbank» ASC-nin istiqraz layihəsi 14 avqust 2009-cu il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Bank 50 milyon manat dəyərində 1 milyon ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. «Muğanbank» ASC rəhbərliyi bəyan edir ki, istiqraz sahibi istənilən vaxt istiqrazlarını bankın istənilən filialına qaytarıb istiqrazların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Lakin bu barədə deyilənlər heç də həqiqətə uyğun deyil. Belə ki, bu gün bankın bir sıra filialları istiqrazları geri qəbul etməmək üçün min-cür bəhanə gətirirlər. Buna nə ad vermək olar?..» «Muğanbank» ASC-nin səhmdarları haqda məlumat verən mənbə payçılardan birinin Əhməd Vəliyevin kürəkəni Elmir Maqbet oğlu Mehdiyev (63,5 faiz), digərinin millət vəkilin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Rəhim oğlu Mehdiyev (13,1 faiz), eləcə də rektorun qızı Vəfa Əhməd qızı Vəliyevanın (12,05 faiz) və onun qayınanası Fəridə Cahandar qızı Mehdiyevanın (11,35 faiz) olduğunu bildirdi: «Bir sözlə, bankın səhmlərinin hamısı adıçəkilən 4 nəfər şəxs arasında bölüşdürülüb. Ümumiyyətlə, indiyədək «Muğanbank» ASC-nin adı bir sıra xoşagəlməz məqamlarda hallanıb. Məsələn, bir neçə il öncə Mərkəzi Bank rəhbərliyi İpoteka Fonduna ofis tikmək adı ilə dövlət büdcəsindən 10 milyon manat ayrılmasına nail olmuşdu. Lakin bu zaman ciddi maxinasiyaya əl atılmışdı. Məhz bu məsələdə Əhməd Vəliyevin və onun kürəkəni Elmir Mehdiyevin də adları hallanır. Belə ki, millət vəkilinə məxsus olan «Jalə Biznes»in yanındakı bina rəsmi sənədləşmədə İpoteka Fonduna guya 10 milyon manata satıldığı göstərilib. Lakin əslində həmin bina Mərkəzi Bank rəhbərliyinə tam təmənnasız başa gəlib. Dövlət büdcəsindən ayrılmış vəsait isə tərəflər arasında bölüşdürülüb və bununla da büdcə vəsaiti mənimsənilib». Biz hələ İsmayıl müəllimin şikayətlərini demirik.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.