“Eurovision-2012” üçün keçirilən Milli Seçimlərin final gecəsində Eldar Qasımov və Nigar Camal da iştirak edəcək. Ötən ilin qalibləri finalçılara dəstək olmaq üçün onlarla eyni səhnəni paylaşacaqlar. AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaliblər bildiriblər ki, fevralın 12-də Heydər Əliyev Sarayının səhnəsində keçiriləcək tədbiri onlar da eyni həyəcanla gözləyir. Həm Eldar, həm də Nigar Azərbaycanı bu müsabiqədə təmsil etmək istəyən “beşliyə” öz məsləhətləri ilə köməklik göstərməyə hazır odluqlarını deyiblər. “Həm finaldakı “beşlik”, həm də biz çox həyəcanlıyıq. Əlbəttə, istərdik ki, bu gözəl müsabiqədə Azərbaycanı ən layiqli ifaçı təmsil etsin” deyən Eldar Qasımov müsabiqədə qazandıqları təcrübəni builki təmsilçimizlə bölüşməyə hazır olduqlarını bildirib. Milli Finalın iştirakçılarına uğurlar arzulayan Nigar Camal da hər zaman onlara kömək etməyə hazır olduqlarını deyib: “İstərdik ki, Azərbaycan üçün bu il də çox uğurlu olsun, ölkəmizin “Eurovision”dakı qələbələrinin sayı artsın”.