Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama

Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
MEDIA
15:35 30.07.2026
225
Space TV-nin baş direktoru Ayaz Mustafayev Real TV-də yayımlanan "Media Masası" verilişində gənc auditoriyanın marağına səbəb ola biləcək yeni layihələr üzərində iş aparıldığını açıqlayıb.

Müşahidələr göstərir ki, rəqəmsal texnologiyaların və sosial şəbəkələrin sürətli inkişafı televiziya izləmə vərdişlərini əhəmiyyətli dərəcədə dəyişib. Xüsusilə gənclər məlumat əldə etmək, əylənmək və vaxt keçirmək üçün daha çox rəqəmsal platformalara üstünlük verirlər.

Bu səbəbdən televiziya kanalları üçün gənc auditoriyanın diqqətini cəlb etmək və onu ekran qarşısında saxlamaq son illərin ən aktual məsələlərindən birinə çevrilib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli hesab edir ki, gənclərin televiziya auditoriyasına yenidən cəlb olunması üçün ənənəvi yayım prinsipləri müasir rəqəmsal yanaşmalarla uzlaşdırılmalıdır:

"Televiziyaya marağın azalması hazırda bütün ölkələrdə təbii bir proses kimi qəbul olunur. Çünki sosial şəbəkələrin geniş yayılmasından sonra televiziyanın əhatə dairəsi məhdudlaşıb. İnsanlar məlumat almaq və əylənmək üçün daha çox sosial şəbəkələrə üz tuturlar. Bu vəziyyətdən çıxış yolu, əlbəttə ki, auditoriyanı, xüsusilə də gəncləri maraqlandıran layihələrə üstünlük verməkdir. Digər mühüm məqam isə gənclərin daha çox izlədiyi televiziya kanallarının sosial şəbəkələrdə daha fəal olmasıdır. 


Professor deyib ki, televiziya kanalları sosial mediada fəal olmalıdır: 

"Televiziyalar sosial şəbəkələrlə daha sıx işləməli, öz auditoriyasına məhz bu platformalar vasitəsilə müraciət etməlidir. Yəni televiziya ilə sosial şəbəkələri birləşdirən vahid yanaşma formalaşdırılmalıdır ki, gənclər sosial şəbəkələr vasitəsilə televiziya məzmununa yönlənsin və aktiv izləyiciyə çevrilsinlər. Dünya televiziya təcrübəsində, xüsusilə CNN, BBC, Fox News, ZDF və digər transmilli televiziya kanallarında bu metodlardan istifadə olunur və müəyyən uğurlar əldə edilir. Biz də həmin təcrübədən yararlana bilərik".

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət isə televiziya auditoriyasının azalması fikri ilə razılaşmır və hesab edir ki, dəyişən tamaşaçı deyil, məhz izləmə vasitələridir:

"Əslinə qalsa, televiziyaya maraq azalmayıb. Sadəcə, əvvəllər tamaşaçılar televiziya məzmununu televizor vasitəsilə izləməyə məcbur idilər. Lakin bu gün həmin qurğu əvvəlki funksiyasını tədricən itirir. Məgər gənclər heç nəyə baxmırlar? Əlbəttə baxırlar. Sadəcə, alternativ yeni texnologiyalar meydana gəlib. Həmin texnologiyalar vasitəsilə həm gənclər, həm də yaşlılar, ümumiyyətlə hər kəs istədiyi məzmuna baxır. Yəni tamaşaçı auditoriyası kiçilməyib, əksinə, genişlənib və insanlar özləri üçün maraqlı olan məzmunu seçərək izləyirlər. Yəqin ki, yaxın illərdə artıq televizor dediyimiz qurğu da tamamilə istifadədən çıxacaq. Necə ki, qəzetlər tədricən tarixə qovuşmaq üzrədir, televizoru da yeni texnologiyalar əvəz edir. Hamımızın əlində smartfon, planşet, noutbuk və kompüter var. Bütün məzmun da artıq həmin cihazlar vasitəsilə əlçatandır".


Azər Həsrətin sözlərinə görə, müasir dövrdə insanlar televiziya məzmununu əvvəlki kimi televizor vasitəsilə deyil, daha çox mobil cihazlar üzərindən izləməyə üstünlük verirlər:

"Belə bir şəraitdə təbii ki, konkret bir saatda televizor qarşısında oturub hansısa verilişə baxmaq istəmirik. O cümlədən gənclər də. Əgər istənilən verilişi ağacın altında oturarkən, yolda gedərkən və ya bulvarda gəzərkən izləmək mümkündürsə, niyə evə tələsib televizor qarşısında əyləşək? Yəni məsələ televiziyaya baxıb-baxmamaqda deyil. Hamı televiziya məzmununu izləyir. Sadəcə, bunun üçün istifadə olunan qurğu dəyişib. Televizor dediyimiz cihaz artıq öz yerini daha mobil və əlçatan texnologiyalara verməkdədir".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR