Gəncədən Nurlana adlı 19 yaşlı bir xanım saytımıza məktub ünvanlayıb. Məktubda Nurlana 6 aylıq körpəsinin ac qalmasından bəhs edərək, sonda insanların köməyinə ehtiyac duyaraq çarəsiz halda bu məktubu yazdığını bildirib.
Həmin müsahibəni təqdim edirik:
-Nurlana, bir az özün haqda məlumat ver
-19 yaşım var. Gəncədə qaynanam və bir də 6 aylıq qızımla birgə yaşayırıq. Həyatyoldaşım əsgərlikdədir. Universiteti bitirdi, əsgər apardılar. Çətinliyimiz də ondan sonra başladı. Evdə kişi yoxdur. Yeganə, işləyən qaynanamdır. Məktəbdə müəllimədir. O da şəkər xəstəsi olduğu üçün çox vaxt xəstəxanalarda olur. Aldığı 200 manat maaş isə borclara getdiyi üçün vəziyyətimiz ağırlaşdı. O həddə gəlib çatdı ki, ərzağa pul borclu olduğumuz mağazalardan daha çörək də ala bilmədik. Bəzən, olur ki, mən gündə 1 dəfə yeyirəm ki, qaynanam ac qalmasın. Çünki, o xəstədir, yeməyə daha çox ehtiyacı var
-Şəkillərə baxanda arıqlığından hiss olunur...
-Hə, aclıqdan çəkim 48 kq-dan 39 kiloya düşüb. Anam məni görəndə ağlayır. Bəzən, ölmək istəyirəm. Axı, mənim günahım nə idi ki, bu yaşımda belə çətinliklər görürəm.
-Anangil yardım edə bilmir?
-Ən pis də odur ki, elə anamgil də kasıb adamlardır. Bir-iki ay kömək etdilər, sonra onlarda da tükəndi. İnanın ki, borcumuz olmasa, qaynanamın maaşı ilə bir yavan çörəklə yaşayardıq. Amma, borclar evimizi yıxdı.
-Nə qədər borcunuz var ki?
-Banka, sələmə, qohum-qonşuya, mağazalara, bolkarta, bir sözlə toplam olaraq 15 min manat borcumuz var. Amma, ən çox bizi üzən sələmdir. 3 min manatın faizini bizdən tələb edirlər ki, biz heç pulun özünü vermək gücündə deyilik. Və onlar da bizi hədələyir. Banklara isə 7 min manata kimi borcluyuq.
-Bu borc nədən yarandı?
-Yoldaşımın qaraciyərində problem yarandı. O da qaynanamın gözünün ağı-qarası bir dənə uşağıdır. Əri də rəhmətə gedib hələ o uşaq olarkən. Təkbaşına onu əziyyətlə böyüdüb. Buna görə, oz balasını xəstəlikdən qurtarmaq üçün bu qədər borca girib. İndi də bədəlini mənim balam çəkir.
-Dövlətdən sizə sosial yardım düşməlidir. Bununla maraqlanmısınız?
-Hə, əlbəttə, qaynanamın getmədiyi yer qalmayıb. Amma, dedilər ki, sizə ancaq oğlun əsgərlikdən gələnə kimi ayda ancaq 50 manat yardım verə bilərik. Onu da hələ düzəldib vermirlər, gözləyirik.
-Uşağa nə yemək verirsən?
-Aclıqdan südüm qurudu. Nə də imkanımız uşaq yeməkləri almağa çatmır. Ona görə də, unla suda, süddə həlim bişirirəm. Nə bilim bu kimi yeməklər...
-O gün qaynananla telefonda danışdım. Deyir, yıxılmışam. İndi necədir?
-Hə, şəkər xəstəsidir. Vaxtlı-vaxtında yemək yeyə bilmədiyi üçün başı hərlənir. Gəldim gördüm ki, yıxılıb. İndi də ayağına qan yığılıb. Amma, pula görə həkimə də getmir. Deyir, məndən heçnə olmaz, siz ac qalmayın. Saq olun, siz qurban bayramı ərəfəsində facebook səhifənizdə yazdınız. Allah köməkləri olsun, bir neçə nəfər gəldi evimizə, həm uşağa paltar almışdılar, həm bazarlıq etmişdilər, həm də pul verdilər. 90 manat toplamışam. Amma, məcburən onun 20 manatını uşağln dərmanına verdim, 5 manatını qaza, 5 manatını da işığa ödədim. 30 manat getdi. Çox üzülürəm. Bu pul da bitəndən sonra yenə ac qalacam deyə çox qorxuram.(
-Narahat olma. Hər şey yaxşı olacaq.
-Çox saq olun. İnanın ki, qurban bayramında o adamlar gələndə özümü elə xoşbəxt hiss etdim ki... Həqiqətən, bu dünyada necə yaxşı insanlar varmış. Əlimi hər şeydən üzmüşdüm. Yenidən həyata bağlandım. Çox saq olsunlar. O qədər dua etmişəm ki onlara. Qaynanamın da sevincdən gözləri dolmuşdu.
-Bayaq, sənlə danışanda mədən ağrıdığını dedin. Məncə, yeməyinə fikir verməlisən.
-Hə, o qədər ac qalmışam ki, indi o yaxşı adamların gətirdiklərini bişirib yeyəndə nəsə bir az pis təsir etdi, amma sonra mədəmin ağrısı ötüb keçdi. İnanıram ki, bu qara bulud başımızın üstündən çəkilib gedəcək. Aynur xanım, inanın ki, uşağı saxlayan olsa özüm də gedib işləyərdim. Amma, balacadır deyə çıxa bilmirəm. İnternet vasitəsilə iş olsa görərdim. Hə, bir də, Allah sizə kömək olsun, internet pulunu ödəməsəydiniz indi yəqin ki, buradan da sizlə əlaqə saxlaya bilməyəcəkdim.
-Nurlana, inşallah yaxşı insanlar sizin bu çətinlikdən çıxmağınıza kömək edəcək. Ən azından həyatyoldaşın əsgərlikdən gələnə kimi ac qalmazsınız. Yeri gəlmişkən, nə vaxt əsgərlik xidməti bitir?
-Bir illikdir. 9 ayı qalıb hələ. Aynur xanım, hər şey bir tərəfə balama görə çox qorxuram. O qədər balacadır ki, bu çətinliyin öhdəsindən bizimlə birgə necə gələcək bilmirəm. Ümidlə gözləyirəm ki, saytınızda bu yazı gedəndən sonra kimsə kömək edəcək, uşağım, xəstə qaynanam ac qalmayacaq. İnanın ki, vəziyyəti qorxumdan yoldaşıma demirəm ki, əsgərlikdən qaçıb gələr, sonra onu tutub həbsxanaya atarlar. Onun bizim yaşadıqlarımızdan xəbəri yoxdur.... ((
P.S. Bu müsahibə ilə ümid edirəm ki, qismən Nurlananın yaşadıqlarını sizə anlada bildim. Və inanıram ki, siz yaxınlığınızda yerləşən poçta ya banka daxil olub gücünüz çatan köməkliyi bu körpəyə edəcəksiniz... Mən poçtla etdim və bunun üçün cəmi 5 dəqiqə zamanım getdi. Məbləğin əhəmiyyəti yoxdur.
Bu 5 manat da ola bilər, əsas odur ki, siz insanlıq borcunuzu yerinə yetirirsiniz.
Poçtdan göndərirsinizsə, sadəcə bu ad-soyadı yazırsınız...
Nurlana Həbibova Rövşən qızı
Bank hesabı
Parabank,
AZ17NABZ01350100000000013944
Bağırova Səadət Abdulla qızı (qaynana)
Azadqadın.az