Hacıbəy Heydərli: Rusiya obyektiv jurnalistikaya niyə bu qədər dözümsüzdür?

SOSİAL
15:41 27.03.2022
531
Həyatın yazılmamış qanunlarından biri bumeranq effektidir. 

Bumeranq, bir qayda olaraq, atılan zaman sizə qayıdan bucaq formalı atıcı silahdır. Yəni, kiməsə etdiyiniz haqsızlıq bir gün mütləq özünüzə qayıdır. Bizim el dilində buna "yaşatdıqlarını yaşatmadan ölməzsən" də deyirlər. 

Bunu xatırlamağım heç də əbəs deyil. 

44 günlük Vətən müharibəsində Azərbaycana qarşı çirkin kampaniya aparan Rusiya televiziyalarını və informasiya agentlərini hər birimiz xatırlayırıq. 

Demək olar ki, hər gün efirlərdə, saytlarda dezinformasiya, feyk xəbərlər yayılırdı, aparıcılar, jurnalistlər erməni sevgisini gizlədə bilmirdilər. Hətta o dərəcə nifrət və kin qusurdular ki, sanki müharibədə tərəf idilər. Bəlkə də həqiqətən tərəf idilər...

Çünki Qarabağ dünyada yeganə yerdir ki, Rusiya, ABŞ, Fransa və Avropa Birliyi ölkələri eyni mövqedən çıxış edir, eyni məzmunlu bəyanatlar verir! Buna əyani olaraq dünən bir daha şahid olduq. 

Bütün dünyanın işğalçı kimi qəbul etdiyi Rusiya Azərbaycanın beynəlxalq hüquq tərəfindən qəbul edilən torpaqlarında fəaliyyəti ilə bağlı bəyanat yaydı. 

Rusiya mediası da yenə öz ampluasında idi. Ukrayna ilə müharibə aparan bir ölkənin gündəmi Azərbaycanın tarixi kəndi olan Fərrux olmalı deyildi.

Ancaq buna baxmayaraq Azərbaycan heç bir halda bu mediaların işinə müdaxilə etmədi, etiraz bildirmədi, hər zaman öz haqq səsini dünyaya çatdırmağa çalışdı. Və şükürlər olsun ki, informasiya müharibəsində də qalib olduq. Bu qələbənin də banisi heç şübhəsiz ki, Prezident İlham Əliyev oldu. O 44 gündə 30-dan çox xarici mediaya müsahibələr verdi, özü də həmin o mediaların öz dilində...

Hətta Azərbaycana qarşı düşmən kəsilən bəzi rus teleaparıcılar belə Prezidentimizin açıqlamalarına arqument tapa bilmədilər. Çünki haqq hər zaman sonda qalib gəlir. 

Bu məsələdə bumeranq effekti onda oldu ki, 2 il sonra Rusiya özü müharibəyə başladı və həmin media orqanlarının hamısı dünya tərəfindən təkləndi. 

Rus təbliğat maşınının aparıcı üzvlərindn olan Solovyovun villaları əlindən alındı, "youtube" kanalları bağlandı, "Sputnik"ə, "Russian Today"a, "lenta.ru"ya Avropada qadağa qoyuldu, sosial mediaları tamamilə fəaliyyətini dayandırdı. 

Bu gün rus xəbər saytlarının sosial media hesablarında belə bir damğa da vurulub: "Bu media qurumu Rusiya hakimiyyətinin nəzarəti altındadır".

Yazının əvvəlində dediyim bumerant effekti özünü 2 il gözlətmədi. Rusiya mediasının 44 gündə etdikləri bu gün qarşısına çıxır... 

Solovyovların başı öz dərdlərinə qarışsa da, Rusiya yenə də xislətindən qalmır. İndi də Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor”) Azərbaycan mediasına hücumlara başlayıb.

Bu gün məlum oldu ki, "Roskomnadzor" oxu.az saytını Rusiya ərazisində bloklayıb.

Oxu.az saytının bununla bağlı açıqlamasında saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur, "Roskomnadzor”un bu addımının qərəzli və qanunsuz olduğu vurğulanır.

Həqiqətən də çox maraqlıdır: Görəsən, 150 milyon əhalisi olan Rusiya azad fikrə niyə bu qədər dözümsüzdür? Özü də oxu.az ən peşəkar və ən obyektiv xəbər saytlarındandır, bu günə qədər bütün xəbərləri fakta əsaslanıb. Bəs Rusiyanı narahat edən nədir? 21-ci əsrdə bu cür zehniyyətlə nəyə nail olmaq istəyirlər? 

Oxu.az bloklamaqla nə demək istəyirlər? Azərbaycan oxucusu, Rusiyada yaşayan həmyerlilərimiz onsuzda hər şeyi gözəl görür və gözəl bilir. Rusiya əhalisi də həqiqəti gec-tez anlayacaq, bəlkə də onda gec olacaq...

Yazımı rusiyalı jurnalist, müharibəyə qarşı çıxdığı üçün haqqında cinayət işi açılan və ölkəni tərk edən Aleksandr Nevzorovun fikirləri ilə bitirmək istəyirəm: 

"Baxmayaraq ki, əllərində yüz milyon insana təsir edən fasiləsiz federal yayım və təbliğat maşınları var. Kiçik bir YouTube və ya Telegram kanalında kim olduqları və nə etdikləri barədə danışmaq onlara ölümcül və qorxulu görünür"

Yəqin məlumatlısınız ki, dünən məni İsveçrə televiziyasına dəvət etmişdilər. Söz azadlığının nə dərəcədə inanılmaz gözəl hiss olduğunu duydum. Təsəvvür edin, mərkəzi kanala gələndə heç kim səndən nə mövqeyin, nə də ideyaların haqqında soruşmur; aparıcılar sadəcə bilirlər ki, orada tanınmış bir rus fiquru var və onun fikri onlar üçün çox önəmlidir. Nə deyəcəyimi də heç kim əvvəlcədən bilmirdi.

Bu azadlıq hissi Rusiyada çoxdan yoxa çıxıb. Rusiyada yalnız boynundan kəndir asırlar. O, cümlədən televiziyanın boynundan. Hazırda məni Rusiya ilə ancaq orada qalan çox qoca bir it bağlayır".
 
Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR