Həsən Zeynalov: “Çempionlar Liqasında daha böyük hədəflərimiz var”

Həsən Zeynalov: “Çempionlar Liqasında daha böyük hədəflərimiz var”
İDMAN
21:19 20.10.2026
227
"Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov Çempionlar Liqasında Xorvatiyanın "Mladost-Zaqreb” komandası üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

AZXEBER.COM xəbər verir ki, klub prezidenti jurnalistlərə açıqlamasında qələbədən böyük sevinc hissi keçirdiklərini bildirib:

"Sevincimizin həddi-hüdudu yoxdur. Oyunda böyük həyəcan və izdiham var idi. Bütün tovuzlulara təşəkkür edirəm. Bizi tək qoymadılar. Hər kəs böyük həvəslə gəlmişdi. Hətta zala daxil ola bilməyən azarkeşlər də oyunu çöldə monitordan izləyirdilər. Möhtəşəm atmosfer var idi”.

Həsən Zeynalov 3:0 hesablı qələbəyə baxmayaraq, qarşılaşmanın heç də asan keçmədiyini vurğulayıb:

"Hesab bizi aldatmasın, oyun heç də rahat keçmədi. Rəqibimiz bu görüşə qədər dörd rəsmi oyun keçirmişdi. Biz isə ilk rəsmi oyunumuza çıxırdıq. Azarkeşlərimizin dəstəyi rəqibə təzyiq göstərdiyi qədər bizdə də həyəcan yaradırdı. Şükürlər olsun ki, hər şey yaxşı oldu”.

Klub prezidenti cavab qarşılaşmasında da komandanın sona qədər mübarizə aparacağına inandığını bildirib:

"Komandamızın əsas xüsusiyyəti odur ki, məğlub olsa belə, mübarizəsiz təslim olmur”.

Həsən Zeynalov komandanın Çempionlar Liqasındakı hədəflərindən də danışıb:

"Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir. Amma bu, o demək deyil ki, qrup mərhələsinə düşüb orada yerimizdə saymaq istəyirik. Orada da müəyyən nəticələr əldə etmək istəyirik. İnşallah, zamanı gələndə hər şey bəlli olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR