“Heydər Əliyev Azərbaycanı ağır bəlalardan xilas etdi” - Komitə sədri

“Heydər Əliyev Azərbaycanı ağır bəlalardan xilas etdi” - Komitə sədri
13:52 03.10.2026
166
"1993-cü il oktyabrın 3-ü Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. Məhz həmin gün ümumxalq səsverməsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi və Azərbaycanı ağır bəlalardan xilas etdi” 

Bu sözləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AZXEBER.COM-a açıqlamasında deyib. 

Deputat vurğulayıb ki, həmin dövr xalqımız və ölkəmiz üçün çox fəlakətli bir dövr idi:

"Həmin dövr xalqımız və ölkəmiz üçün çox fəlakətli bir dövr idi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də, müstəqil dövlət qura bilməmişdi. Ölkədə bütün iqtisadi münasibətlər pozulmuş, iqtisadi tənəzzül baş vermişdi. Siyasi qarşıdurma və ağır böhran hökm sürürdü, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Məhz həmin ağır dövrdə Azərbaycan xalqı Ulu Öndəri hakimiyyətə dəvət etdi. Heydər Əliyev Prezident seçildikdən sonra xalqına arxalanaraq, öz siyasi iradəsinə, dövlətçilik təfəkkürünə və cəsarətinə güvənərək Azərbaycanı bu ağır bəlalardan xilas etdi. O zaman ordu ağır hərbi vəziyyətdə idi. Ulu Öndərin ilk qərarlarından biri ordunu vahid komandanlıq altında birləşdirmək üçün lazımi sərəncamlar vermək oldu. Eyni zamanda, Azərbaycanda siyasi böhranın aradan qaldırılması üçün lazımi addımlar atıldı. Ölkəni iqtisadi tənəzzüldən qorumaq məqsədilə müxtəlif tədbirlər həyata keçirildi”.

Deputat deyib ki, Heydər Əliyev Azərbaycan xalqının xoş gələcəyə çatması üçün lazımi siyasəti həyata keçirdi:

"1994-cü il mayın 12-də Bişkek protokolun imzalanması ilə Qarabağda bizim üçün uğurlu olmayan döyüş əməliyyatları dayandırıldı. Azərbaycan bu münaqişəni sülh müstəvisinə keçirərək zaman qazandı. Dövlətçiliyimiz və iqtisadiyyatımız möhkəmləndi, hərbi gücümüz artdı. 1994-cü il sentyabrın 20-də isə Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, "Əsrin müqaviləsi” adlandırılan müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarını qoydu. Həmin dövrdə Ulu Öndərə dəfələrlə sui-qəsd cəhdləri edildi, dövlət çevrilişinə cəhdlər oldu. Ulu Öndər öz müdrikliyi, cəsarəti və siyasi dühası ilə, xalqına arxalanaraq bütün bu ağır, fəlakətli hadisələrdən çıxdı.
Azərbaycan xalqının xoş gələcəyə çatması üçün lazımi siyasəti həyata keçirdi”.

Parlamentari qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi:

"1995-ci ildə Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi və ölkədə siyasi böhran aradan qaldırıldı. Eyni zamanda, aparılan iqtisadi siyasət, torpaq islahatları və özəlləşdirmə nəticəsində iqtisadi böhran da 1998-ci ildə aradan qalxdı. İqtisadi tənəzzül dayandı, sabitləşmə və yüksəliş başladı. Ulu Öndərin siyasi kursunu sonradan Prezident İlham Əliyev uğurla davam etdirdi. Prezident seçiləndə o, xalqa və dünyaya bəyan etdi ki, bizim yolumuz Heydər Əliyev yoludur və onun siyasi kursu bundan sonra da davam edəcək. Beləliklə, Azərbaycanın iqtisadi inkişafının ikinci mərhələsi başladı. Biz iqtisadi, siyasi və hərbi cəhətdən gücləndik. Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu dövlət, bu bayraq və bu Vətən ətrafında birləşməsinə gətirib çıxardı”.

"44 günlük Vətən müharibəsindən sonra  ərazi bütövlüyümüzü təmin etdik və torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa olundu. Bu, Ulu Öndərin ən böyük arzularından biri idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, torpaqlarımız işğaldan azad edilməli və ölkəmizin hər yerində üçrəngli bayrağımız qürurla dalğalanmalı idi. Bu gün əminik ki, Ulu Öndər ruhən şaddır: onun siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır”,-deyə deputat bildirib. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR