İrlandiyanın üzgüçülük üzrə milli komandasının sabiq məşqçisi Corc Gibni yetkinlik yaşına çatmayan idmançılara qarşı cinsi zorakılıq ittihamları üzrə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Müvafiq hökm Dublin Mərkəzi Cinayət Məhkəməsi tərəfindən çıxarılıb. İyul ayında 78 yaşlı Gibni nalayiq davranışla bağlı 39, zorlama cəhdinə görə isə bir epizod üzrə təqsirli bilinib. Cinayətlərin 1970–1980-ci illərdə dörd yetkinlik yaşına çatmayan qıza qarşı törədildiyi bildirilib.
Qeyd edək ki, Gibni 1984 və 1988-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarında İrlandiya yığmasının baş məşqçisi olub.
1990-cı illərdə ona yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlərlə bağlı 27 ittiham irəli sürülüb. Lakin 1993-cü ildə məhkəmə iddia edilən cinayətlərdən uzun müddət keçdiyinə görə onun mühakimə oluna bilməyəcəyi barədə qərar qəbul edib.
Daha sonra ABŞ-yə köçən Gibni ilə bağlı iş 2020–2022-ci illərdə yenidən gündəmə gəlib. Həmin dövrdə zorakılığa məruz qaldıqları zaman yetkinlik yaşına çatmayan şəxslər İrlandiya polisinə yeni ifadələr veriblər. Bu ifadələr yeni ittihamların irəli sürülməsinə və onun ekstradisiyası üçün orderin verilməsinə səbəb olub.
2025-ci ildə Gibni ABŞ-dən İrlandiyaya ekstradisiya edilib.
///report///










































