İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama

İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama
SOSİAL
23:16 20.08.2026
248
İşçinin əmək fəaliyyəti və şəxsi həyatı ilə bağlı məlumatların onun razılığı olmadan başqa işəgötürənə və ya üçüncü şəxslərə ötürülməsi son dövrlərdə əmək münasibətlərində müzakirə olunan məsələlərdən biridir. 

Xüsusilə işçinin əvvəlki iş yerində fəaliyyəti, əmək müqaviləsinin hansı əsasla başa çatması, əmək intizamı və digər şəxsi məlumatlarının yeni işəgötürənə təqdim edilməsi müəyyən hallarda onun hüquqlarının pozulmasına səbəb ola bilər. Qanunvericilik fərdi məlumatların toplanılması, işlənilməsi və üçüncü şəxslərə ötürülməsi ilə bağlı tələblər müəyyən edir. 

Məsələnin digər tərəfi isə belə məlumatların işçinin gələcək əmək fəaliyyətinə təsiri ilə bağlıdır. Əgər keçmiş iş yeri tərəfindən işçinin razılığı olmadan onun haqqında məlumatlar digər şəxslərə ötürülürsə, bu məlumatların məzmunu və ötürülmə məqsədi hüquqi baxımdan əhəmiyyət daşıya bilər.

Bəs işçinin şəxsi və əmək fəaliyyəti ilə bağlı hansı məlumatların onun razılığı olmadan başqa işəgötürənə ötürülməsi qanun pozuntusu hesab oluna bilər? Belə məlumatların yayılması işçinin yeni işə qəbuluna və peşəkar nüfuzuna hansı təsirləri göstərə bilər və hüquqları pozulan işçi hansı hüquqi addımları ata bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Babək Umudov bildirib ki, ümumi qaydaya əsasən, fərdi məlumatların toplanması, işlənilməsi və üçüncü şəxslərə verilməsi məlumat subyektinin, yəni işçinin yazılı razılığı ilə həyata keçirilə bilər. 

Onun sözlərinə görə, işçinin razılığı olmadan onun əməkhaqqı, intizam tənbehi, sağlamlıq və ailə vəziyyəti, yaşayış ünvanı, şəxsiyyət vəsiqəsi məlumatları və digər fərdi məlumatlarının başqa özəl şirkətə, potensial işəgötürənə və ya fiziki şəxslərə təqdim edilməsi qanun pozuntusu hesab oluna bilər:

"Xüsusilə işçinin yeni işə qəbul olunması zamanı əvvəlki işəgötürənin onun haqqında məxfi məlumatları, mənfi xarakterli rəyləri və ya digər şəxsi məlumatları üçüncü tərəfə qanunsuz ötürməsi işçinin hüquqlarının pozulmasına səbəb ola bilər.

Lakin qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutulur. Belə məlumatlar məhkəmə və hüquq-mühafizə orqanlarının, yəni polis, prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi sorğuları əsasında cinayət və ya inzibati araşdırmalar çərçivəsində təqdim edilə bilər. Eyni zamanda, qanunla birbaşa həvalə edilmiş vəzifələrin icrası üçün, məsələn, Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemlərinə və ya məcburi dövlət sosial sığortası üzrə aidiyyəti qurumlara rəsmi məlumatların təqdim edilməsi də qanuni əsaslara malik ola bilər.

Bundan başqa, işçinin həyat və ya sağlamlığının qorunması üçün təxirəsalınmaz zərurət yarandıqda, məsələn, bədbəxt hadisə zamanı tibbi yardımın göstərilməsi məqsədilə müvafiq məlumatların ötürülməsinə yol verilə bilər.

Fərdi məlumatların qanunsuz yayılması isə işçi üçün həm hüquqi, həm də praktiki baxımdan ciddi nəticələr yarada bilər. Belə ki, işçinin şəxsi həyatının və məlumatlarının məxfiliyinin pozulması, onun haqqında intizam tənbehi, işdən çıxarılma səbəbləri və ya şayiə xarakterli mənfi məlumatların potensial işəgötürənə ötürülməsi yeni işə qəbul prosesinə mənfi təsir göstərə bilər.

Eyni zamanda, yanlış, şişirdilmiş və ya üçüncü şəxslərə açıqlanması nəzərdə tutulmayan məlumatların yayılması işçinin peşəkar reputasiyasına xələl gətirə, qanunsuz informasiya sızması nəticəsində onun gəlir imkanlarının məhdudlaşmasına və maddi zərərə, eləcə də psixoloji gərginliyə və mənəvi zərərə səbəb ola bilər”, - deyə ekspert fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR