İyun ayı astronomiya həvəskarları üçün olduqca maraqlı hadisələrlə yadda qalacaq. Bu ay ərzində gecə səmasını izləyənləri planetlərin nadir düzülüşü, Venera və Yupiterin möhtəşəm qovuşması, ilin ən uzun günü və "Çiyələk Ayı" kimi tanınan dolunay gözləyir.
AZXEBER.COM xəbər verir ki, səma müşahidəçiləri həm çılpaq gözlə, həm də teleskop vasitəsilə bir sıra maraqlı astronomik hadisələrin şahidi ola biləcəklər.
İyun ayında baş verəcək ən diqqətçəkən səma hadisələrini təqdim edirik:
8-9 İyun: Venera və Yupiter Qovuşması: Gecə səmasının ən parlaq iki planeti olan Venera və Yupiter bir-birinə maksimum dərəcədə yaxınlaşacaq. Gün batımından təxminən 30-45 dəqiqə sonra qərb-şimal-qərb üfüqünə baxsanız, bu iki nəhəngin sanki qoşa bir ulduz kimi parıldadığını görə bilərsiniz.
12 – 17 İyun: Böyük Planet Düzülüşü (Parad): Bu tarixlərdə səmada Merkurari, Venera və Yupiter bir xətt boyunca düzüləcək. Onlara hilal şəklindəki Ay da yoldaşlıq edəcək. Merkuri üfüqə çox yaxın olacağı üçün onu görmək bir az çətin ola bilər, amma Veneranın parlaqlığı sizə bələdçilik edəcək.
15 İyun: Təzə Ay (Səma tamamilə qaranlıq olacağı üçün ulduzları və bürcləri izləmək üçün ideal vaxtdır): Ayın Günəşlə eyni xətdə (hizada) yerləşməsi səbəbindən gecə səmasında görünməməsi, astronomlar üçün qalaktikalar və ulduz topluları kimi sönük göy cisimlərini müşahidə etmək adına ən əlverişli şəraiti yaradacaq. Eyni gün Merkuri də Günəşdən ən böyük şərq uzanımına (uzunluğuna) çataraq, gün batımından sonra qərb üfüqündə daha rahat müşahidə oluna biləcək mövqeyə gələcək.
21 İyun – Yay Günəş Duruşu (Solstice): Bakı vaxtı ilə saat 12:24:26-da yay fəsli Azərbaycana rəsmən daxil olur. Şimal yarımkürəsində astronomik yay, Cənubda isə qış başlayır.
Bu gün ilin ən uzun gündüzü (təxminən 15 saat 3 dəqiqə) və ən qısa gecəsi (təxminən 8 saat 57 dəqiqə) yaşanacaq. Həmin gün Günəş səmada özünün ən yüksək nöqtəsinə çatacaq (Bakıda üfüqdən maksimum 73.1° hündürlükdə). Bu tariqdən etibarən gündüzlər yavaş-yavaş qısalmağa başlayacaq.
29 İyun: Bədirlənmiş "Çiyələk ay”: Ay səmada adətən alışdığımız parlaq gümüşü-ağ rəngdə olacaq. Lakin bəzən vizual olaraq fərqli çalarlar görə bilərik:
Kəhrəba və ya Çəhrayı rəng: İyun dolunayı Yay Günəş Duruşuna (21 iyun) çox yaxın tarixdə baş verdiyi üçün Günəş səmada çox yüksəkdə, Ay isə üfüqə olduqca yaxın və alçaq bir trayektoriyada hərəkət edir.
Ay üfüqə yaxın olanda biz onun işığına yer atmosferinin daha qalın qatından baxırıq. Bu da işığın sınmasına səbəb olur və Ay üfüqdən təzə qalxanda (gün batımından dərhal sonra) qısa müddətlik isti qızılı, kəhrəba və ya hafif çəhrayımtıl rəngdə görünə bilər.
Aysel










































