Kim stadiona gedəcək, kim televizordan izləyəcək? – Deputatlardan oyunöncəsi PROQNOZLAR

Kim stadiona gedəcək, kim televizordan izləyəcək? – Deputatlardan oyunöncəsi PROQNOZLAR
SOSİAL
14:18 25.11.2026
128
Bu gün Azərbaycan futbolu üçün ən maraqlı qarşılaşmalardan biri baş tutacaq. 

"Sabah” klubu Çempionlar Liqasında dünya futbolunun nəhənglərindən olan "Barselona” ilə üz-üzə gələcək.

Matç ərəfəsində futbol azarkeşləri arasında qarşılaşmanın nəticəsi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.

Maraqlıdır, ölkəmiz üçün əlamətdar hesab olunan bu qarşılaşmanı izləmək üçün Milli Məclisin deputatları stadionda olacaqmı?

AZXEBER.COM bu dəfə Milli Məclisin deputatları arasında sorğu keçirərək onların oyuna münasibətini, stadiona gedib-getməyəcəklərini və qarşılaşmanın hesabı ilə bağlı gözləntilərini öyrənib.

Aydın Hüseynov: "Bakıda olmadığım üçün təəssüf ki, oyuna gedə bilməyəcəyəm. Amma inanıram ki, "Sabah” futbol klubu öz peşəkarlığını nümayiş etdirəcək və azarkeşləri sevindirəcək. Ümid edirəm ki, qarşılaşma Azərbaycan futbolsevərləri üçün xoş nəticə ilə yekunlaşacaq”.

Arzuxan Əlizadə: "Xeyr, oyuna getməyəcəyəm, televiziyadan izləyəcəyəm. Əlbəttə ki, "Sabah”ın qələbəsini arzulayırıq. Amma reallıqları da nəzərə almaq lazımdır. Qarşılaşmanın "Barselona”nın iki top üstünlüyü ilə yekunlaşacağını ehtimal edirəm. Ümid edirəm ki, yanılacağam və nəticə əksinə olacaq”.

Razi Nurullayev: "Təəssüf ki, oyunda fiziki olaraq iştirak edə bilməyəcəyəm. "Barselona”nın bu qarşılaşmada favorit olduğunu düşünürəm. Təcrübə, oyun keyfiyyəti və heyətin fərdi səviyyəsi baxımından rəqib müəyyən üstünlüyə malikdir. Bununla belə, "Sabah”ın da meydanda xarakter göstərəcəyinə və ciddi mübarizə aparacağına inanıram. Belə oyunlar futbolçularımız üçün böyük təcrübədir. Mənim proqnozum 3:1-dir”.

Naqif Həmzəyev: "Hazırda Astara rayonunda səfərdə olduğum üçün oyunu canlı izləyə bilməyəcəyəm. Amma televiziyadan izləyəcəyəm. Oğlum Nuh isə oyuna dostları ilə birlikdə stadiondan baxacaq. Ümid edirəm ki, "Sabah” Azərbaycan futbolunu ən yüksək səviyyədə təmsil edəcək və mübariz oyun nümayiş etdirəcək. Azarkeşlərin dəstəyi ilə yaxşı nəticə əldə edəcəyimizə inanıram. Ən əsası, əsl futbol bayramı olacaq”.

Zahid Oruc: ""Sabah”ın öz-özlüyündə Çempionlar Liqasında uğurlu çıxış etməsi və yarışlarda mübarizə aparması böyük nailiyyət kimi dəyərləndirilməlidir. Çünki bir tərəfdən kiçik büdcə ilə güclü komanda formalaşdırmaq asan deyil, digər tərəfdən isə klubun tarixi hələ çox qədim deyil. Hazırda "Barselona” dünya futbolunda ən böyük uğurlara imza atmış, tanınmış futbolçuları ilə seçilən klublardan biridir. Belə bir rəqiblə qarşılaşmada, əlbəttə, reallıqları nəzərə almalıyıq. Bütün hallarda "Sabah”a uğurlar arzulayırıq.
Komandanın əvvəlki qarşılaşmalarda nümayiş etdirdiyi cəsarət və qətiyyəti, sona qədər mübarizə aparmaq əzmini bu oyunda da görmək istəyirik. Düşünürəm ki, məğlubiyyət belə mənəvi bədbinlik üçün əsas yaratmamalıdır”.

Hikmət Babaoğlu: ""Sabah” futbol komandasının son dövrlərdə sürətlə təşkilatlanması və böyük nailiyyətlər əldə etməsi Azərbaycan futbolu adına tarixi uğurdur. Artıq milli futbolumuzdan danışarkən yalnız bir komandanı deyil, "Sabah”ı da düşünürük. Doğrudur, Azərbaycan futbolu hələ inkişaf və təşkilatlanma mərhələsindədir. Nəzərə almaq lazımdır ki, futbol təkcə oyun, texnika və yüksək peşəkarlıq deyil, həm də böyük maliyyə tələb edən sahədir. Ona görə də ‘Barselona’ kimi məşhur komandalarla mübarizə aparmaq "Sabah” üçün bir qədər çətin olacaq. Çünki rəqibin maliyyə imkanları, transfer etdiyi futbolçular və onların dəyəri göz qabağındadır. Amma bu, təbii ki, "Sabah”ı qorxutmur. Çünki "Sabah” Azərbaycan futbolunun sabahı, gələcəyidir. Komandanın əzmlə mübarizə aparacağına inanırıq. İstənilən nəticə bizim üçün qənaətbəxş olacaq. Ümid edək ki, bu nəticə ya heç-heçə, ya da qələbə olacaq”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR