Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu bildirib

Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu bildirib
DÜNYA
21:22 24.11.2026
78
Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə hazır olduğunu bildirib.

Lukaşenko bunu Fransanın "Le Point” jurnalına müsahibəsi zamanı deyib.

"Biz Volodimir Zelenski ilə birlikdə oturub Moskvaya uça bilərik. İkimiz. Mən onun təhlükəsizliyinin təminatçısı kimi onunla birlikdə təyyarəyə minib Moskvaya gedə bilərəm”, – Belarus lideri bildirib.

Lukaşenko belə bir danışıqlar formatının müsbət nəticə verəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu halda müharibənin dayandırılması və gələcək münasibətlərin qurulması ilə bağlı avropalılarla müqayisədə daha tez razılığa gəlmək mümkün olar.

"Onsuz da Ukrayna, Belarus və Rusiyanın gələcəyini biz üçümüz müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Tarixən də, indi də bu regionda gələcəkdə necə yaşayacağımıza dair qərarı üç əsas slavyan xalqı verəcək”, – o vurğulayıb.

Jurnalistlərdən birinin Zelenskinin belə bir danışıqlar formatına razı olmayacağı barədə sualına isə Lukaşenko belə cavab verib: "Razılaşmasa, qoy döyüşsün. Qoy özü avtomat götürüb cəbhəyə getsin və vuruşsun. Müharibə gedir və onu dayandırmaq lazımdır. Biz isə razılığa gələ bilərdik”.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR