Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb

Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açılıb
SOSİAL
23:17 21.08.2026
248
Milli Azərbaycan Tarixi Muzeyində 1944-cü il deportasiyasının acı həqiqətlərinə və bu qədim xalqın mübarizə tarixinə həsr olunan "Ahıska türkləri – itmiş sürgünün izində” adlı sərginin açılış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov və digər rəsmi şəxslər iştirak ediblər. Qonaqlar bu cür təşəbbüslərin iki ölkə arasındakı strateji müttəfiqliyi və tarixi yaddaşı yaşatmaq baxımından əvəzsiz olduğunu qeyd ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin və xalqının hər zaman Ahıska türklərinə qucaq açdığını, onların ölkəmizin müxtəlif bölgələrində – Saatlıda, Sabirabadda, Şəmkirdə, Gəncədə, Qubada və Xaçmazda rahat məskunlaşması üçün şərait yaratdığını vurğulayıblar.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) təşkilatçılığı ilə ərsəyə gələn ekspozisiya xalqın yaşadıqları faciələri, qürurlu müqavimətini və zəngin mədəni irsini əks etdirən nadir tarixi sənədlər, unikal fotoşəkillər və canlı şahidliklərlə zəngindir.

Layihənin məqsədi təkcə ötən əsrin ağrılı səhifələrini xatırlatmaq deyil, həm də Ahıska türklərinin mədəni kimliyini gələcək nəsillərə ötürmək, onların ana vətən sevgisini və qayıdış ümidlərini geniş ictimaiyyətə çatdırmaqdır. İstanbuldakı uğurlu təqdimatından sonra sərginin məhz Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə paytaxtımıza gətirilməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə dəmir yolu çərçivəsində parçalanan coğrafiyaların bu gün eyni relslər üzərindən birləşməsi qardaşlıq bağlarının möhkəmliyini bir daha nümayiş etdirir.

Sərgi avqustun 21–28-də Milli Azərbaycan Tarixi Muzeyində hər kəs üçün açıq olacaq. Bakıdan sonra isə ekspozisiya səfərini davam etdirərək noyabrın 14-də – sürgünün ildönümündə Ankarada keçiriləcək.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR