Martın 28-də "Nissan" markalı avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vuran "Neftçi" futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev yaralı qadına hər bir köməyi edir. “Neftçi” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin ANS PRESS-ə verdiyi məlumata görə, Araz Abdullayev xəstəyə bütün köməkliyin göstərildiyini bildirir. “O, şəhid ailəsidir, atası rəhmətə gedib və evin tək uşağıdır. Klub bu işdə vasitəçilik edir. Araz Abdullayev xəstənin bütün xərcləri ödəyir", - deyə Gündüz Abbaszadə bildirib. G.Abbaszadənin sözlərinə görə, futbolçunun vurduğu və rəhmətə gedən digər şəxs Zəminə Hüseynovanın yas mərasiminin bütün xərclərini klub öz üzərinə götürüb. Mətbuat xidmətinin rəhbərinin bildirdiyinə görə, rəhmətə getmiş şəxsin yaxınları və yaralı şəxs futbolçuya qarşı olan şikayət ərizəsi ilə müraciət etməyiblər. ***11.40 “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevin maşınla vurduğu Gülsabah Nuriyevanın vəziyyəti normallaşıb. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun Fəsadlar şöbəsinin müdiri Əli Davudovun ANS PRESS-ə verdiyi məlumata görə, hal-hazırda xəstənin vəziyyəti normallaşıb: “Xəstə qolundan və ayağından iki əməliyyat olunub. Lakin sınıqları hələ bitişməyib. Xəstənin tamam sağalması üçün 7-8 ay lazımdır. Hal-hazırda vəziyyəti normallaşdığından evə buraxılmasına icazə verilib”. Xəstənin həyat yoldaşı Vidadi Nuriyevin ANS PRESS-ə verdiyi məlumata görə, xəstəyə AFFA tərəfindən köməklik olunsa da, vuran şəxs, demək olar ki, xəstə ilə maraqlanmır: "Federasiyadan narazılığımız yoxdur, onlar öz üzərilərinə götürüblər ki, axıra qədər kömək edəcəklər. Lakin onu maşınla vuran futbolçu bizə soyuq münasibət göstərir. Kefinə düşəndə gəlir”, deyə xəstənin həyat yoldaşı bildirib. Onun sözlərinə görə, ailə üzvlərinin Gülsabah Nuriyevaya xəstəxanada baxmağa imkanı olmadığından və bir qədər maddi durumuda çətinlik olduğundan, xəstəni evə aparmaq qərarına gəliblər. Xatırladaq ki, "Neftçi" futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev martın 28-də "Nissan" markalı avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurmuşdu. Onlardan biri yerindəcə dünyasını dəyişib, digər yaralı Gülsabah Nuriyeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.