Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA

Parlamentlərə ayrılan büdcənin 25 faizi deputatların cibinə gedir – ARAŞDIRMA
SOSİAL
14:12 06.11.2026
123
2027-ci ilin dövlət büdcəsi layihəsində qanunvericilik orqanlarının fəaliyyəti üçün 76 milyon 725 min 242 manat vəsait ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, bu məbləğ Milli Məclis və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyəti üçün nəzərdə tutulan ümumi vəsaitdir.

Parlamentlərin saxlanılması və fəaliyyətinin təmin olunması üçün ayrılan vəsaitin müəyyən hissəsi deputatların əməkhaqlarına və digər ödənişlərə yönəldilir.

Maraqlıdır, bu məbləğin nə qədəri Milli Məclis və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının əməkhaqlarına sərf olunur?

AZXEBER.COM mövzu ilə bağlı qanunvericiliyi və maaş göstəricilərini araşdırıb.


 
Milli Məclisdə 125 deputat yeri var. Deputatların aylıq vəzifə maaşları tutduqları vəzifəyə görə fərqlənir. Belə ki, Milli Məclisin sədrinin aylıq maaşı 17 min manat, birinci müavininin 16 min manat, digər müavinlərinin hər birinin maaşı isə 15 min manat təşkil edir.

Komitə və komissiya sədrlərinin aylıq maaşı 13 min manat, onların müavinlərinin maaşı isə 11 min 500 manatdır. Sıravi deputatlar ayda 9 min manat əməkhaqqı alırlar.

Milli Məclisdə rəhbər vəzifələrin bölgüsünü nəzərə almaqla aparılan hesablamaya əsasən, deputatların aylıq vəzifə maaşları üçün təxminən 1 milyon 260 min manat, illik isə 15 milyon 120 min manat vəsait tələb olunur.


 
Naxçıvan Muxtar Respublikası Ali Məclisində isə 45 deputat yeri mövcuddur. Burada sədrin aylıq maaşı 15 min manat, birinci müavininin 13 min manat, digər müavininin isə 12 min manatdır. Komitə sədrləri ayda 9 min manat, onların müavinləri 8 min manat, sıravi deputatlar isə 7 min manat əməkhaqqı alırlar.

Mövcud vəzifə bölgüsünə əsasən, Ali Məclis deputatlarının aylıq əməkhaqları üçün 324 min manat, illik isə 3 milyon 888 min manat vəsait hesablanır.

Hər iki qanunvericilik orqanında deputatların vəzifə maaşları üçün ayda ümumilikdə 1 milyon 584 min manat, il ərzində isə 19 milyon 8 min manat vəsait tələb olunur.

Bu məbləğ 2027-ci ilin dövlət büdcəsi layihəsində qanunvericilik orqanlarının fəaliyyəti üçün nəzərdə tutulan 76 milyon 725 min 242 manatın təxminən 24,8 faizini təşkil edir.

Onu da qeyd edək ki, hesablamaya Milli Məclis və Ali Məclisin sədrləri, sədr müavinləri, komitə və komissiya rəhbərləri, eləcə də sıravi deputatların vəzifə maaşları daxildir. Deputat köməkçilərinin, parlament aparatlarının əməkdaşlarının əməkhaqları və digər inzibati xərclər bu məbləğə daxil edilməyib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR