Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.
AZXEBER.COM yeni sədrin qısa tərcümeyi-halını təqdim edir:
Səbuhi Əhəd oğlu Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub.
O, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili alıb. 2007-ci ildə magistr dərəcəsi əldə edərək universiteti fərqlənmə diplomu ilə bitirib.
2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatı üzrə İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) lisenziyası ilə təltif olunub.
Əmək fəaliyyətinə 2005-ci ildə sığorta sektorunda başlayıb. 2007-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkətlərinin birində müxtəlif vəzifələrdə, 2018-2021-ci illərdə isə özəl sektorda holdinqlərin birində rəhbər vəzifədə çalışıb.
Prezident İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
Fəridə Əsədzadə











































