Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Burada əsas problem...

Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Burada əsas problem...
MEDİA
14:22 25.02.2026
349
"Televiziyalar üçün məqsəd yalnız pul qazanmaq, sponsor cəlb etmək və ucuz vasitələrlə reytinq qazanmaqdırsa, bu halda problemlər həmişə qalacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli son zamanlar televiziyalarla baş verən neqativ hallarla bağlı deyib. 

O söyləyib ki, efirdə baş verənlər yeni deyil:

"Bu gün efirdə baş verənlər yeni hadisələr deyil. Sadəcə olaraq, efirdə baş verənlərin kəm-kəsirlərinin uzantısı sosial şəbəkələrdə yayılır. Belə olan halda daha çox insan televiziya aparıcıların problemlərindən xəbərdar olur. Zaman etibarilə son illərdə Milli Məclisdən tutmuş adi auditoriyalarda televiziyadakı nöqsanlar tənqid olunub. Xüsusən, şou proqramların vəziyyəti, aparıcıların həddindən artıq sərbəst davranması, etik çərçivələri aşması, verilişə gələn qonaqları təhqir etməsi, tamaşaçıların rəyinə hörmətsiz yanaşmaları barədə çox danışılıb. Hazırda bu məsələyə bir az daha çox diqqət yetirilir”.

Professor qeyd edib ki, televiziya məkanını tamamilə qara rəngdə göstərmək də düzgün deyil:

"Problemlər televiziyalarda kifayət qədər çoxdur. Lakin televiziya məkanını tamamilə qara rəngdə göstərmək də düzgün deyil. Yaxşı telekanallarımız, yaxşı verilişlərimiz, yaxşı aparıcılarımız var. Amma söhbət hazırda tamaşaçı narazılığına səbəb olan veriliş seqmentindən - əyləncəli musiqili şou proqramlardan gedir. Bu proqramların bəzi aşağı səviyyəli aparıcıları tamaşaçıların zövqünü təmin etmir, etik normaları pozur”.

Q. Məhərrəmli vurğulayıb ki, məqsəd tamaşaçıya yaxşı veriliş təqdim etməkdirsə, belə problemlər həll olunacaq: 

"Televiziya kanalları bu problemləri həll etmək gücündədir. Əgər məqsəd tamaşaçıya keyfiyyətli veriliş təqdim etməkdirsə, bunu etmək mümkündür. Yox, əgər məqsəd yalnız pul qazanmaq, sponsor cəlb etmək, reklamlardan gəlir əldə etmək və ucuz vasitələrlə reytinq qazanmaqdırsa, bu halda problemlər həmişə qalacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR