Ürək çatışmazlığı riskini dəfələrlə artıran içkilər açıqlandı - Biri hər gün içilir

Ürək çatışmazlığı riskini dəfələrlə artıran içkilər açıqlandı - Biri hər gün içilir
SOSİAL
23:21 21.08.2026
250
Kofeinin həddindən artıq və müntəzəm qəbulunun ürək-damar sisteminə təsiri məsələsi xüsusilə kofeinə həssaslığı olan şəxslər üçün aktualdır. Kofein bəzi insanlarda ürək döyüntülərinin sürətlənməsinə, arterial təzyiqin müvəqqəti yüksəlməsinə və ürək ritmində dəyişikliklərə səbəb ola bilər.

Bəs kofeinin həddindən artıq qəbulu ürək-damar sistemi üçün hansı risklər yaradır? Kofein yüksək arterial təzyiq, ürəkdöyünmə və ürək ritminin pozulması ehtimalını artıra bilərmi? Ürək-damar xəstəliyi olan şəxslər kofe qəbul edərkən nələrə diqqət etməlidirlər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, ürək insan doğulduğu andan etibarən fasiləsiz fəaliyyət göstərən əzələdir.

Onun sözlərinə görə, ürək digər əzələlərdən fərqli olaraq ömür boyu fasiləsiz fəaliyyət göstərir:

"Məsələn, insan əlini uzun müddət açıb-bağlaya bilməz, müəyyən müddətdən sonra əzələlər yorular. Lakin ürək əzələsi ömür boyu fəaliyyət göstərməlidir.

Ürək əzələsi həddindən artıq yükləndikdə və ürək döyüntüləri uzun müddət yüksək olduqda müxtəlif problemlər yarana bilər. Ürək ritminin pozulması, xüsusilə də bəzi hallarda ciddi aritmiyalar və fibrillyasiya meydana çıxa bilər. Bu zaman ürəyin normal yığılma və qanı orqanizmə ötürmə funksiyası pozulur.

İdman zamanı qəfil ürək dayanması və ya ağır ürək-damar hadisələri ilə bağlı halların şahidi oluruq. Təbii ki, belə vəziyyətlərin arxasında müxtəlif səbəblər, o cümlədən əvvəldən mövcud olan, lakin aşkarlanmadığı üçün bilinməyən ürək patologiyaları dayana bilər. 

Həddindən artıq fiziki yük də müəyyən hallarda ürəyə əlavə gərginlik yarada bilər.

Kofeinə gəldikdə isə, xüsusilə yüksək miqdarda qəbul edildikdə ürək döyüntülərinin sürətlənməsinə, yəni taxikardiyaya səbəb ola bilər. Bu da ürək-damar sisteminə əlavə yük yaradır. Energetik içkilərdə kofeinlə yanaşı digər stimullaşdırıcı maddələrin də olması bu təsiri daha da əhəmiyyətli edə bilər”.

Adil Qeybulla əlavə edib ki, energetik içkilərin həddindən artıq və müntəzəm istifadəsi xüsusilə ürək-damar sistemi ilə bağlı problemi olan insanlarda arzuolunmaz nəticələr yarada bilər:

"Ürək döyüntülərinin sürətlənməsi, ritm pozuntuları, arterial təzyiqin yüksəlməsi və ürəkdə əlavə gərginlik kimi hallar müşahidə oluna bilər.

Uzunmüddətli və həddindən artıq yüklənmə bəzi insanlarda ürək əzələsinin struktur və funksional dəyişiklikləri ilə əlaqəli ola bilər. Məsələn, ürək boşluqlarının genişlənməsi və ürəyin yığılma gücünün azalması kimi problemlər yarana bilər. Bu proses müəyyən hallarda ürək çatışmazlığı riskini də artıra bilər.

Ona görə də energetik içkilərdən istifadə zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. İnsanlar bu içkiləri sadəcə enerji verən adi məhsul kimi qəbul etməməlidirlər.

Tərkibində yüksək miqdarda kofein və digər stimullaşdırıcı maddələr olan içkilərin həddindən artıq istifadəsi ürək-damar sistemi üçün əlavə yük yarada bilər. 

Xüsusilə ürəkdöyünmə, ritm pozuntusu, sinə ağrısı və ya təzyiq dəyişiklikləri müşahidə edən şəxslərin belə məhsullardan istifadəni davam etdirmək əvəzinə həkimə müraciət etməsi daha doğru olar”, – deyə Adil Qeybulla fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR