AZXEBER.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
"Bu istiqamətdə bir neçə layihəmiz də olub. Məsələn, Gənclər və İdman Nazirliyi ilə birlikdə psixometrik qiymətləndirmə aparmış, müvafiq statistikanı toplamışdıq. Ümumiyyətlə, dünyada da müxtəlif psixometrik testlər mövcuddur. Amma bizim istifadə etdiyimiz testlər ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış psixometrik testlərdir. Biz bu testləri öz əhalimiz, öz gənclərimiz əsasında formalaşdırmışıq və bununla bağlı geniş statistika toplamışıq. Bunun nəticəsində düzgün qiymətləndirmə meyarları əldə edə bilmişik. Çünki bu statistika həmin uşaqların sonrakı inkişaf dinamikasını da izləməyə imkan verir. 8-ci və 9-cu sinifdə oxuyan uşaqların valideynləri övladlarını gələcəkdə hansı istiqamətə yönləndirməli olduqlarını müəyyən etmək üçün bizə müraciət edə və çox ciddi, elmi əsaslara söykənən məsləhətlər ala bilərlər.
Müraciət formasına gəlincə, hər ay bu testlərin kütləvi şəkildə keçirildiyini elan edirik. Testlər bizim elektron imtahanlar binasında təşkil olunur. Vətəndaşlar saytımız vasitəsilə qeydiyyatdan keçməklə həmin imtahanı verə bilərlər", - deyə o qeyd edib.











































