Aparılan beynəlxalq tədqiqatlar göstərir ki, uşaqların erkən yaşda smartfon sahibi olması onların zehni sağlamlığına mənfi təsir göstərə bilər.
AZXEBER.COM xəbər verir ki, araşdırmalara görə, 12 yaşından əvvəl ilk smartfonunu alan uşaqlarda gənclik dövründə intihar düşüncələri, aqressiv davranışlar, halüsinasiyalar və reallıqdan uzaqlaşma kimi problemlərlə qarşılaşma riski daha yüksək olur.
Bu təsirlərin xüsusilə qızlarda daha qabarıq müşahidə edildiyi bildirilir.
Mütəxəssislər hesab edirlər ki, smartfonlardan həddindən artıq istifadə uşaqların sosial bacarıqlarının inkişafına mane olur, onları həmyaşıdları ilə canlı ünsiyyətdən uzaqlaşdırır və təcrid hissini artırır. Eyni zamanda, yuxu pozğunluqları və hərəkətsiz həyat tərzi kimi problemlər də fiziki sağlamlığa mənfi təsir göstərir.
Elmi ictimaiyyət uşaqların smartfon və sosial media ilə tanışlıq yaşının mümkün qədər gecikdirilməsini tövsiyə edir.











































