İyulun 13-14-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçiriləcək.
Forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkət təmsil olunacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, dezinformasiya ilə mübarizə, rəqəmsal informasiya təhlükəsizliyi, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika mövzularında panel müzakirələri və interaktiv sessiyalar təşkil ediləcək.
Qeyd edək ki, 2022-ci ildən keçirilən Şuşa Qlobal Media Forumu indiyədək 81 ölkədən 600-ə yaxın media nümayəndəsini, ekspert və rəsmi şəxsi bir araya gətirərək qlobal media gündəliyinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib.
Media eksperti Yadigar Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter almış mühüm beynəlxalq platformadır:

"Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter almış mühüm beynəlxalq platformadır. Bu il forum dördüncü dəfə keçirilir. Əvvəlki illərdə olduğu kimi, builki tədbir də media ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və artıq həm ölkəmizdə, həm də beynəlxalq aləmdə səbirsizliklə gözlənilən tədbirlərdən birinə çevrilib. Forum təkcə Azərbaycanda deyil, beynəlxalq media platformalarında da özünəməxsus yer qazanıb. Burada iştirak edən xarici qonaqlar və media nümayəndələri növbəti illərdə də yenidən bu tədbirə qatılmaq istədiklərini bildirirlər”.
O qeyd edib ki, hər il Şuşa Qlobal Media Forumunda fərqli və aktual mövzu müzakirəyə çıxarılır:
"Hər il Şuşa Qlobal Media Forumunda fərqli və aktual mövzu müzakirəyə çıxarılır. Bu il forumun əsas mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”dır. Yəni medianın cəmiyyətdə etimadın bərpası və davamlı sülhün qurulmasındakı rolu xüsusi diqqət mərkəzində olacaq.
Hazırda regionda sülhün təmin olunması istiqamətində mühüm proseslər gedir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mərhələsinə yaxınlaşmışıq. Azərbaycan bu proses üçün bütün zəruri addımları atıb və rəsmi Bakı tərəfindən heç bir maneə yoxdur. Lakin Ermənistanın üzərinə düşən öhdəliklər var və onların yerinə yetirilməsi sülh sazişinin imzalanması üçün vacib şərtlərdən biridir. Belə bir dövrdə Şuşa Qlobal Media Forumu həm regionda, həm də dünyada sülhün təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan strateji baxımdan mühüm bir regionda yerləşdiyi üçün burada baş verən proseslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu baxımdan həm Azərbaycan mediasının, həm də beynəlxalq medianın üzərinə böyük məsuliyyət düşür. Forum çərçivəsində bütün bu məsələlər geniş şəkildə müzakirə olunacaq”.
Y.Məmmədli bildirib ki, tədbirin ən mühüm məqamlarından biri İlham Əliyevin forumda geniş çıxış etməsidir:
"Tədbirin ən mühüm məqamlarından biri isə ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirak etməsi, geniş çıxış etməsi və yerli, eləcə də xarici media nümayəndələrinin çoxsaylı suallarını cavablandırmasıdır.
Hesab edirəm ki, bu dəfə də Prezident İlham Əliyevin çıxışı və səsləndiriləcək fikirlər regionda gedən proseslərə daha aydın baxış formalaşdıracaq, həm beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına, həm də medianın cəmiyyətdə obyektiv informasiya təqdim etməsinə mühüm töhfə verəcək”.
Şahanə Ziyad











































